Mingəçevirdə uşaqlar arasında virusa yoluxma aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, uşaqların “Hepatit A” virusuna yoluxduğu bildirilir.
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatı təsdiqləyiblər.
Qurumdan bldirilib ki, son bir həftə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə Mərkəzi Şəhər Xəstəxanasından 6 nəfər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Hər bir ünvanda həkim-epidemioloq tərəfindən dərhal araşdırma aparılıb. Nəticədə 3 xəstənin şəhərin Bahar küçəsində bir-biri ilə təmasda olduğu, ikisinin isə qohumluq əlaqəsi aşkarlanıb.
Mingçevir Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İlqar Həsənov APA-ya açıqlamasında bildirib ki, onlara 6 nəfərin virusa yoluxması barədə müraciət daxil olub. Onlardan 4 nəfərin "Hepatit A" virsuna yoluxduğu təsdiqlənib, iki nəfərin virusa yoluxması hələlik təsdiqini tapmayıb.
Qeyd olunub ki, yoluxma olan əraziyə GEM tərəfindən “Su-kanal” ASC-nin əməkdaşları cəlb olunub, mənzillərdən su nümunələri götürülüb, bakterioloji müayinə üçün laboratoriyaya verilib. O cümlədən Mingəçevir su anbarının çıxış nöqtəsindən də nümunə analiz götürülüb: "Bizim laboratoriyada yoxlama zamanı suda heç bir virusun olmadığı məlum olub. Biz həmçinin nümunələri yoxlanmaq üçün Bakıya göndərmişik. Suda virus olsaydı, daha çox insan virusa yoluxa bilərdi".