Alkoqolun sağlamlığa mənfi təsirləri barədə çox danışılır. Lakin Braziliyanın San-Paulu Universitetində aparılan yeni tədqiqat bu siyahıya daha bir narahatedici faktı əlavə edir: alkoqolun beyin üzərində uzunmüddətli və dağıdıcı təsirləri hətta içki qəbulundan imtina etdikdən sonra da davam edə bilər.
Lent.az bununla bağlı məlumatları sizə təqdim edir:
Araşdırmanın nəticələri:
Tədqiqatda 1781 nəfərin ölümündən sonrakı məlumatları və onların həyat tərzi təhlil edilib. Alimlər alkoqoldan sui-istifadə edən şəxslərdə beyin damarlarında zədələnmə riskinin 133% yüksək olduğunu müəyyən ediblər. Keçmiş alkoqolizmdən əziyyət çəkmiş şəxslərdə bu risk 89%, Hətta yüngül miqdarda içki içənlərdə (həftədə 7 içkiyə qədər) isə 60% artır.
Alzheimer riski və tau-zülalları:
Alkoqolu çox istifadə edən şəxslərdə, Alzheimer xəstəliyi ilə əlaqələndirilən tau-zülal qovuqcuqları (tau-klublar) daha çox müşahidə olunub. Bu şəxslərdə Alzheimer riski 41% daha yüksək, hətta artıq içki içməyən keçmiş alkoqoliklərdə belə 31% olaraq qalıb.
Digər müşahidələr:
Araşdırmaya əsasən, alkoqolu çox istifadə edən insanların beyin kütləsi ilə bədən çəkisi arasındakı nisbəti daha aşağı olub. Yaxınları tərəfindən aparılan qiymətləndirməyə görə, bu şəxslər zəif yaddaş və düşünmə qabiliyyəti nümayiş etdiriblər.
Əhəmiyyətli qeydlər:
Tədqiqat kəsişən (populyasiyalı) xarakterlidir, yəni bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin statistik fərqlər alkoqolun beyin üçün potensial təhlükəli olduğunu bir daha sübut edir.
Araşdırmanın müəlliflərindən biri, patofizioloq Alberto Fernando Oliveyra Justo belə deyib:
“Biz müəyyən etdik ki, alkoqoldan həddindən artıq istifadə birbaşa beyin zədələnməsi ilə əlaqəlidir. Bu da yaddaş, düşüncə və insanın yaşlılıq dövründə ümumi sağlamlığına mənfi təsir göstərir.”
Əlavə risklər:
Bu nəticələr artıq məlum olan ürək, qaraciyər, immunitet və xərçənglə bağlı təhlükələrə yeni bir sahə — beyin sağlamlığını da əlavə edir. Son elmi işlər göstərir ki, Alzheimer xəstəliyinin səbəbi təkcə yaşlanma deyil, həm də ağız boşluğundan başlayan bakterial infeksiya ola bilər. ABŞ-ın Luizvill Universitetindən mikrobioloq Yan Potempa rəhbərlik etdiyi qrup müəyyən edib ki, bu infeksiyalar beyində koloniyalar yaradır və beta-amiloid (Aβ) adlı zərərli zülalın yaranmasına səbəb olur.
Alkoqol təkcə müvəqqəti zərər vermir – beynin strukturu və funksiyaları üzərində uzunmüddətli və bəzən geri dönməz təsirə malikdir. Hətta içkini buraxdıqdan sonra belə bu risklər tamamilə itməyə bilər. Bu səbəbdən alkoqolun istifadəsində mümkün qədər məhdudiyyət, beyin sağlamlığının qorunması üçün vacib strategiyadır.