Günel Səfərova: “Mən demirəm ki, əlimdə sehrli çubuq var...” - SÖHBƏT
12 noyabr 2014 14:26 (UTC +04:00)

Günel Səfərova: “Mən demirəm ki, əlimdə sehrli çubuq var...” - SÖHBƏT

Yağışın əlindən qaçıb Dilarə Əliyeva 214 ünvanında yerləşən “Pitti Caffe”yə daxil olanda ilk rastlaşdığım xanımdan qorxdum. Payız yağışı onun saçları ilə makiyajını bir-birinə qarışdırmışdı. Gözlüyümün şüşəsindən yağış damlalarını silib yenidən taxanda, yaxşı ki, bütün qoxuları unutduran kofe qoxusu ətrafı bürümüşdü...

 

Sən demə qarşımdakı güzgü imiş...

 

Pərtliyimi büruzə verməyib, özümə rahat bir yer seçirəm. O məşhur dialoqu yəqin ki, bilirsiniz:

 

Ofisiant: Kofenizi nə ilə içəcəksiniz, şəkərlə, süd...

Müştəri: Kitabla!

 

Mən də eynən bu qaydada, tropiklərin enerjisi ilə italyan temperamentinin sintezindən yaranan “Pitti Caffe”ni sifariş edib, kitabımı açıram. Corc Oruellin qəhrəmanı çalışdığı oteli təsvir edir:

 

“Parisdə, hər hansı bir ət yeməyi üçün on frankdan çox ödəyən kimsə əmin ola bilər ki, onun yeməyində xeyli barmaq gəzişib. Çox ucuz restoranlarda isə iş bir az fərqlidir; bu cür yerlərdə əti çəngəllə götürüb tavaya tullayır, bir az qızardıb ordan da boşqaba atırlar, daha digər restoranlardakı qədər əmək sərf etmirlər. Rahatlıqla deyə bilərəm ki, yeməyə daha çox pul ödənirsə, içində tər və tüpürcək olma ehtimalı o qədər artır”.

 

Kitabı qatlayıb, ayağa qalxıram. Elə bu vaxt müştərilərin gözü önündə həvəslə kofe hazırlayan yaraşıqlı ofisiantı görürəm. Ətrafa bir də nəzər yetirirəm. Hər tərəf təmiz və səliqəlidir. “Yox, burda oturmaq olar”, - deyib əyləşirəm ki, fotoqrafımız Ramil qapıdan girir:

 

- Oo, “Paris və Londonda qara qəpiksiz”? Xahiş edirəm, tez bitir, sonra mənə ver...

 

Ramillə Corc Oruelli müzakirə etməyə imkan tapmamışdıq ki, qonağımız gəlir. QHT sektorundan yaxşı tanınan hüquqşünas, “125-lər” Siyasi Klubunun idarə heyətinin üzvü Günel Səfərova. Söhbətə də kitabla başladıq.

 

 

Bədbəxt hekayələri sevmirəm

 

 

- Qızım Zümrüdün kitablarını oxuyuram ki, bir yerdə müzakirə edə bilək. Amma əsasən siyasi kitablar oxuyuram. Bədii ədəbiyyata gəlincə, indi Xalid Hüseyninin “Min möhtəşəm günəş” romanını oxuyuram.

 

- Çox bəyənirəm o əsəri...

 

- Onu əfqan qadınının başına gələnləri, əfqan xalqının faciəsini bədii əsərə köçürməklə tarix yazdığı üçün sevirəm. Hesab edirəm, bizim yazarlar bu dövrü çox gözəl yazmalıdırlar ki, Zümrüdgil bu dövrdə nələr baş verdiyini bilsin.

 

- Xalid Hüseynini sevirəm, amma hər dəfə onu oxuyanda ürəyimdən keçir ki, kaş ki, kitabın son səhifələri qopmuş olardı... Onun amerikansayağı finalını heç cür sevmirəm...

 

- Mənsə sevirəm. Mən o baxımdan bir az Xalid Hüseynini başa düşürəm. Bu bizim oxşar cəhətimizdir. Mən “Happy end” adamıyam. Kitabı axırdan oxuyuram. Əgər yaxşı nəsə varsa, demək mən o kitabı oxuyacam. Bədbəxt hekayə oxumağı sevmirəm.

 

- Amma axı hələ də dramı bitməyən əfqan xalqı, əfqan qadını var...

 

- QHT sektorunda Aysel Vəzirova adlı bir yaxınım var, əfqan qadınları ilə bağlı gender layihələri edirdi. Elə şeylər danışırdı ki, fikirləşirdim, biz Azərbaycanda millət vəkili olmaq istəyirik, gör nə ilə mübarizə aparırıq... Adamlar isə həyatları ilə mübarizə aparırlar.

 

Dedim bəlkə xarakterim dəyişər, alınmadı

 

- Son statusunuzda sarı saçların gözlədiyiniz effekti vermədiyini, yenidən öz rənginizə qayıtdığınızı yazmısınız...

 

- (Gülür) Hə, saçlarım sizinki kimi zil qaradır. Qara və buruq. Dedilər 30 ildir eyni saçla gəzirsən, dəyişdir. Mən də 30 yaşı keçəndən sonra gedib saçlarımın rəngini açdım. Bir həftə olar yenə saçlarımı tünd rəngə boyamışam. Qızım bu saçlarımı xoşlamır, amma 6 yaşlı oğlum deyir ki, sarı saç yaxşı deyildi...

 

- Kişilər öz qadınlarında sarı saçı sevmirlər.

 

- Hə, amma başqa qadının sarısaç olması xoşlarına gəlir. (Gülür) Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Qrupda bir qızımız var idi, deyirdi, sən bütün günü başı aşağı kitab oxuyursan, sakitsən. Nə vaxt xətrinə dəyən olsa denən saçımızı saraldıb, gəlib onları döyək. Soruşanda ki, niyə saçınızı saraldırsınız? Deyirdi, sarı saçlılardan çəkinirlər. (Gülür) Mən də dedim bəlkə 30 yaşdan sonra xarakterim dəyişər, alınmadı...

 

- Məndə isə effekt verdi. Qara və uzun saçlarımla haqqım daha çox pozulurdu. İndi isə nisbətən yaxşıdır.

 

- Mən xeyrini görmədim. Yəqin həm də qısaltmaq lazım imiş, saçlarım uzun olduğundan təsir eləməyib. (Gülür)

 

 

Millət vəkili olub nələrisə həll edə biləcəyimi hiss edirəm

 

 

- QHT sektoru mənə heç vaxt cazib gəlməyib. Sizi nə cəlb elədi?

 

- Universitetə qəbul olunan gündən vətəndaş cəmiyyəti ilə işləyirəm. Məni cəlb edən insanlara kömək edə bilmək idi. Çünki ilk layihələrimiz uşaq evlərində olub. İndi ilə müqayisədə orda çox primitiv işlər görürdük. Amma özümüzü xoşbəxt hiss edirdik ki, kiməsə kömək edirik. 1997-ci il elə dövr deyildi ki, kiminsə kompüteri, ofisi olsun. Azərbaycan könüllülər birliyini indi millət vəkili olan Ceyhun Osmanlı ilə bir yerdə internet klubda yaratmışıq.

 

- Amma belə bir fikir də var ki, Azərbaycanda vətəndaş cəmiyyəti yoxdur...

 

- Elə insan var, gördüyü balaca işin reklamını daha böyük qurur. Bu yaxşı nümunə də ola bilər. Üçüncü sektorun içində olan adam kimi deyim ki, bu sektor var. Məsələn, mən səhər tezdən qalxıb gedib Bərdədə təlim keçib axşama qayıdıb evimə gəlmişəm, amma bunu heç yerdə reklam etməmişəm.

 

- Demək, var, amma görünmür. Yəni, görünməsini istəmir...

 

- Bu saat üçüncü sektorda müxtəlif insanlar var - vicdan məsələsini önə çəkən, ölkənin imicini düşünən və düşünməyən, hakimiyyətə gəlmək iddiasında olan... Mənim bəxtim onda gətirib ki, daha çox sosial sferada, əziyyət çəkən təbəqə ilə işləmişəm və problemlərin həlli yolunu bilirəm. Bəlkə bu istək məni siyasi kluba gətirdi. Millət vəkili olub nələrisə həll edə biləcəyimi hiss edirəm. Amma bu nələrsə yol, su çəkmək deyil. (Gülür)

 

Uşağın internata düşməməsi üçün...

 

- Yeri gəlmişkən, uşaq evləri, internatlar üçün hazırlanan tədbirlər ən bahalı otellərdə təşkil olunur və...

 

- Mən ömrümün sonuna qədər bununla mübarizə aparacağam.

 

- Uşaq evlərindən söz düşmüşkən, bu sahədə dövlət də, QHT-də iş görür. O günlərdə Facebook-da yayılan fotolardan isə görünürdü ki, hələ də vəziyyət qənaətbəxş deyil...

 

- Azərbaycanda qanunlar var, uşaq konvensiyasına qoşulmuşuq və s. Qanun sarıdan bu sahə çox genişdir. Binalar tikilir, amma ölkədə sosial işçilər, alternativ qayğı sistemi anlayışı yoxdur. Kollektiv yanaşma sistemi var. Mənim ən böyük dərdim - uşağın internat və uşaq evinə düşməməsi üçün proqramın hazırlanıb işə salınmasıdır.

 

- Nə təklif edirsiniz?

 

- Biz preventiv layihəni gücləndirməliyik ki, uşaq ora düşməsin. Düşəndən sonra nə etsən də, heç kim və heç nə bioloji ailənin yerini verməyəcək. Uşaq imtina olunduğunu biləndə, ora düşəndə artıq travma alıb. Ailələrə dəstək verən layihələri, maddi dəstəyi, sosial rifahı gücləndirə bilərik. Ailələrin qurulmasında yanaşmanı dəyişmək lazımdır. İnkişafın mərkəzində insan dayanmalıdır. Uğur qazanan bütün ölkələrin mərkəzində insan faktoru dayanıb.

 

Demirəm əlimdə sehrli çubuq var

 

- 15 ildir QHT sahəsindəsiniz. İşinizin reklamı ilə məşğul olmadığınızı deyirsiniz. Bəs son illərdə nə baş verdi ki, özünüzü cəmiyyətə tanıtmaq qərarına gəldiniz?

 

- Bəlkə də artıq siyasətə gəlmişəm deyə istəyirəm əhali məni tanısın. Sabah seçkilərdə “Günel Səfərova bu dairədən deputat olsun” deyə bilsinlər. 125 deputatın tanınma siyahısını tutsaq, heç 15 nəfəri tamamlaya bilmərik. Bir proqram çərçivəsində deputat köməkçilərinə təlim keçirdim. Onlar deyəndə hansı deputatın köməkçiləridir, deyirdim görən o kimdir?

 

- Niyə bizdə hamı parlamentə can atır? Axı orda yer məhduddur. Cəmi 125 yeri 9 milyonun arasında necə bölmək mümkündür? Doğrudanmı bu xalqın qayğısına qalmaq, bu ölkəni sevmək üçün mütləq deputat olmaq lazımdır? Doğru, parlamentin binası çox gözəl yerdədir. Amma axı, Azərbaycana başqa rakurslardan da baxanda gözəl, sevimli görünə bilir. Niyə hamı ölkəni parlamentdən sevmək istəyir?

 

- Çox ağrılı məsələdir. Mən demirəm ki, əlimdə sehrli çubuq var, hansı dairəyə toxundursam, problemlər həll olunacaq. Yox! Mənim maliyyə vəsaitim yoxdur. Amma illərlə maliyyəsiz şəbəkə işlətdiyim üçün özümə inanıram. İnanıram ki, insan hətta millət vəkili olmadan belə, ölkə üçün çox iş görə bilər. Hərdən ətrafım deyir ki, sən millət vəkili olmadan belə daha çox işləmisən, nəinki onlar. Ailələrə, internat uşaqlarına, küçədə yatan uşaqlara dəstək olmusan. Tək mən yox, QHT sektorundan sizə minlərlə belə adam adı saya bilərəm. Elə adamlar var ki, heç yaşadığı rayonun millət vəkilini tanımır.

 

- Biri mən.

 

- Dostlarım deyir ki, sən istənilən rayondan namizədliyini verə bilərsən, çünki bütün rayonlarda işləmisən. Əslində millət vəkili problemləri həll edən adam deyil. O, qanunları elə yaxşı işləməlidir ki, insanlar həmin qanunlar altında rahat və gözəl yaşaya bilsin. Bizdə isə millət vəkillərinin əksəriyyəti biznes fəaliyyəti ilə məşğul olmaqdan millət vəkili olmağa vaxtları yoxdur. Yəni, millət vəkili olmaq onların zamanını alırsa, qardaşım, qoyun bu işlə mən məşğul olum. Çünki mənim zamanımı alacaq biznesim yoxdur və bütün vaxtımı qanunların hazırlanmasına həsr eləməyə hazıram. Millət vəkilliyi sadəcə mənə status verəcək. Mən Günel Səfərova olaraq heç bir icra strukturuna sorğu göndərə bilmirəm. Amma millət vəkili kimi bunu tələb edə biləcəm. Çox millət vəkilli bu hüququnu bilmədən millər vəkilliklərini başa vuracaqlar.

 

- Sosial sferada 15 illik fəaliyyətiniz var və öz cığırınızla parlamentə daha rahat yolla gələ bilərdiniz. İndi isə 124 rəqiblə gəlirsiniz. Niyə? Siz “125-lər”ə lazımsınız, yoxsa “125-lər” sizə?

 

- Siyasi keçmişim olmadığına görə “125-lər” mənə çox yaxşı siyasi bilik və bacarıq qazandırır. Mənə vətəndaş cəmiyyətini verin, sıfırdan qurum. Amma siyasətdə bu qədər iddialı deyiləm axı. İndi mənə təklif gəlsə ki, gəl sənin haqqında gənclər və idman nazirliyi ilə bağlı bir qərar verək, sevə-sevə gedərəm. Çünki bu mənim sevdiyim strukturdur. Mən bilirəm ki, Günel Səfərova orda necə işləyəcək.

 

- Hədəfiniz də odur zatən.

 

- Bəli! Adını istəyirsiniz nazirlik qoyun, ya komitə. Mən nə vaxtsa gənclər sektorunda siyasəti formalaşdıran adam olmaq istəyirəm.

 

O qısqanc kişi olsaydı, yola getməzdim

 

- Hərdən bacılarım deyir ki, sən çox yük daşıyırsan, biz bunu edə bilmərik. Üzərinə ailədən başqa cəmiyyətin də yükünü götürürsən. Xasiyyətim belədir, səhər idarədə otur, axşam gəl evə adamı deyiləm.

 

- Bəs həyat yoldaşınız necə, bu həyat tərzinizə etiraz etmir?

 

- Bəxtim onda gətirib ki, yoldaşım Türkiyədə böyüyüb, təhsil alıb. Onun yanaşması fərqlidir. Bəzən ətrafımdakılar deyir bu laqeydlikdir. Amma mənə belə çox rahatdır. O qısqanc kişi olsaydı, mən yola getməzdim. Bəlkə də bir az hardasa ona qarşı da haqsızlıq edirəm, amma biz bunu çox müzakirə də etmirik. Çünki o qəbul edir.

 

- Bu durumdan ikiniz də xoşbəxtsinizsə, niyə müzakirə edəsiniz?

 

- Doğru, o qəbul edir. Məni qəbul etməyən qardaşımdır.

 

- Nəyə görə?

 

- O düşünür ki, ilahi, Günel millət vəkil olacaq, onu zatən artıq hamı tanıyır, mən necə edəcəm. Onun düşüncəsinə görə mən qadın olaraq çox irəli gedirəm. Qadın üçün olan o cızığı keçirəm.

 

- Qəribədir. Yəni heç qürur duymur?

 

- Arada görürəm fəxr eləyir. (Gülür) Amma yenə də nəzarət edir.

 

- Hansı formada?

 

- Məsələn, mənə öz dostunu sürücü tutub. Bilirəm ki, sabah millət vəkili olsam, köməkçi də öz dostunu tutacaq. Demirəm mənə güvənmir, amma deyir ki, sənin qovluğunda da gizlənsəm, başa düşmürəm nə işlə məşğul olursan. (Gülür) İnsanların bəziləri başa düşmür mən niyə sosial iş görürəm. Axı mən istəyirəm ki, hamı xoşbəxt yaşasın. Ona kömək edim, buna yardım edim, daha faydalı olum.

 

Qızım dedi ki, əgər sən siyasətə getsən...

 

- Bəs uşaqlar necə, onların millət vəkilinin övladı olmaq məsələsinə münasibətləri necədir?

 

- Oğuzun 6 yaşı var, hələ balacadır, o daha çox iPhone 6 haqqında düşünür. 11 yaşlı qızım Zümrüd isə fikir edir ki, mən millət vəkili olsam işim daha çox olacaq və bu ona ayırdığım zamandan gedəcək. Soruşur ki, indi məni özünlə təlimlərə apardığın kimi, Milli Məclisə də apara biləcəksən?

 

- Hələ ki ancaq özü üçün narahatdır?

 

- Deyir ki, ana, sən siyasətə getsən axı səni tutarlar, bizdən ayırarlar. Bunun yükünü hiss edir, narahatlığı olduğunu hiss eləyirəm. İndi ona maraqlıdır ki, mən nəyi dəyişə bilərəm.

 

- Sizcə siz onun əlindən çox şey almırsınız? 11 yaşlı uşağın ürəyinə yazığınız gəlmir?

 

- Çox yazığım gəlir. Amma özümə bənzəyir, mən də yaşımdan tez böyümüşəm. Həyatımda prioritetlər uşaqlarımdır. Yaxın bir deputat dostum dedi, gərək sən bunu 2010-cu ildən edəydin. Dedim, o vaxt uşaqlarım balaca idi. Dedi, əgər emosional olacaqsansa, uşaqlarının yanında ol. Siyasəti formalaşdırmaq istəyirsənsə, iddialı ol. Mənə elə gəlir ki, dünyada övladdan dəyərli heç nə yoxdur. Amma bir məsələ də var. Mən istəyirəm tək öz uşaqlarım üçün yox, daha çox uşaq üçün faydalı olum.

 

- İrina Xakamada deyirdi ki, siyasətə gedən qadın sevgi arxasınca gedən qadındır. İstəyir ki, onu hamı sevsin. Yeni yola çıxmış biri kimi necə hesab edirsiniz, belədir?

 

- Mənim ətrafımsa bunun əksini deyir. (Gülür) Deyirlər sən sevgi dolu və səmimisən, nə işin var siyasətdə? Əslində siyasətə oyun, iyrənc və daha da pis bədii təsvirlər yaraşdırırlar. İçimdə bir az da bu stereotipi qırmaq hissi var. Sevilməyi məncə bütün insanlar istəyir. Qadınlar da, kişilər də. Qadınlar bəlkə bir az daha çox həssas, emosional yanaşırlar və ya sevildiyini, sevdiyini göstərirlər. Mən sevgisizlikdən heç vaxt əziyyət çəkməmişəm. Mahiyyət sevgi olub, formaları başqa. Məncə, siyasət yaxşı bir meydandır ki, sevgimi daha çox insana verə bilim. Daha çox insana kömək edim.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7275
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar