Əksər insanlar toyuq yumurtalarını soyuducunun qapısında yerləşən xüsusi hissədə saxlamağa vərdiş ediblər. İlk baxışdan bu rahat görünsə də, qida təhlükəsizliyi üzrə mütəxəssislər bu vərdişdən imtina etməyi tövsiyə edirlər.
Lent.az xarici mediaya istinadən səbəblər barədə məlumat verir.
Yumurtaları soyuducu qapısında saxlamaq niyə təhlükəlidir:
Temperatur dəyişkənliyi: Soyuducunun hər açılıb-bağlanmasında qapıdakı temperatur kəskin dəyişir. Bu dəyişkənlik yumurta qabığının qoruyucu təbəqəsinin zəifləməsinə və salmonella da daxil olmaqla bakteriyaların daxil olmasına şərait yarada bilər.
Mikrofloranın pozulması: Yumurta qabığı məsaməli olduğu üçün havadan gələn mikroorqanizmləri daxilinə buraxa bilər. Temperaturun sabit olmadığı mühitdə bu proses sürətlənir və yumurtalar daha tez xarab olur.
Yüksək rütubət: Qapı hissəsi nisbətən rütubətli sahədir. Temperatur dəyişikliyi zamanı qabıqda kondensat əmələ gələ bilər ki, bu da bakteriyaların çoxalmasına şərait yaradır. Bu xüsusilə yumurtalar yuyulduqdan sonra baş verir, çünki yuyulma nəticəsində təbii qoruyucu təbəqə aradan qalxır.
Zədələnmə riski: Soyuducunun açılıb-bağlanması zamanı qapıda yerləşən yumurtalar tərpənə və ya yerə düşə bilər. Kiçik çatlar belə yumurtanı uzun müddət saxlamaq üçün yararsız hala sala bilər.
Yumurtaları necə düzgün saxlamaq lazımdır:
Yumurtaları soyuducunun orta rəfində, arxa divara yaxın hissədə saxlayın, çünki orada temperatur daha sabit olur.Onları satıldığı karton qutuda saxlamaq daha məqsədəuyğundur. Yumurtaları saxlamazdan əvvəl yumaq olmaz, çünki qabığın üzərindəki təbii plyonka onları bakteriyalardan qoruyur. Onları iti ucu aşağıya baxacaq şəkildə yerləşdirin bu, sarının mərkəzdə qalmasına və yumurtanın daha uzun müddət təzə qalmasına kömək edir.