Yay mövsümü təzə tərəvəzlərin ən bol və vitaminlərlə zəngin olduğu vaxtdır. Qışda da bu nemətlərdən faydalanmaq üçün evdar xanımlar indi dondurma üsuluna əl atırlar. Dondurmaq sadəcə məhsulu saxlama üsulu deyil, həm də vitaminləri, dadı və iyini qorumağın incə sənətidir.
Dondurma prosesində ilk addım tərəvəzlərin seçilməsidir. Yalnız təzə məhsullar istifadə edilməlidir. Çox yetişmiş tərəvəzlər dondurulduqdan sonra formasını itirir və açıldıqda püre halına düşür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər blanşirləməni də tövsiyə edirlər.
Bu, tərəvəzlərin qısa müddət buxarda və ya qaynar suda saxlanılmasıdır. Belə emal tərəvəzlərin rəngini və strukturunu qoruyur, həmçinin saxlama müddətini uzadır.
Hansı tərəvəzlər dondurula bilər?
Demək olar ki, bütün tərəvəzlər dondurmaya uyğundur: brokoli, gül kələmi, bibər, pomidor, badımcan, balqabaq, noxud, yerkökü, çuğundur və s. Amma istisnalar da var. Soğan və sarımsaq dondurulduqdan sonra həm dadını, həm də faydasını itirir. Su miqdarı çox olan tərəvəzlər – xiyar, balqabaq, pomidor da açıldıqda formasını itirə bilər. Həmçinin turp da dondurmaya uyğun deyil.
Dondurma üsulları
İki əsas üsul mövcuddur:
Şok üsulu – tərəvəzlər çox aşağı temperaturda (-30°C və daha aşağı) dərhal dondurulur. Bu zaman onların forması və dadı daha yaxşı qorunur.
Quru üsul – tərəvəzlər əvvəlcə lövhə və ya soba listində bir qat düzülür, 4–5 saat dondurulduqdan sonra paketə yığılır.
Tərəvəzlər mütləq hissə-hissə dondurulmalıdır. Yenidən dondurmaq həm keyfiyyəti korlayır, həm də sağlamlıq üçün təhlükə yarada bilər.
Tərəvəzləri dondurmaq qaydası
Bibər – bütöv dondurmaq məsləhətdir.
Pomidor – kiçik sortlar bütöv, böyük sortlar isə püre şəklində saxlanıla bilər.
Xiyar – yalnız xırda və bərk sortlar doğranaraq dondurula bilər.
Brokoli və gül kələmi – duzlu suda isladılıb 3 dəqiqə blanşir olunmalıdır.
Badımcan – doğranıb duzlanmalı, sonra qısa müddət bişirilərək dondurulmalıdır.
Noxud – tez dondurulmalıdır ki, vitaminləri itməsin.
Balqabaq və yerkökü – doğranaraq və ya sürtgəcdən keçirilərək dondurula bilər.
Göyərti – xırdalanaraq ya paketlərdə, ya da buz qəliblərində yağla qarışdırılıb saxlanıla bilər.
Saxlama və istifadə qaydası
Dondurulmuş məhsullar -18°C-də bir ilə qədər saxlanıla bilər.
Açmaq üçün tərəvəzləri soyuducuda yavaş-yavaş əriməyə qoymaq lazımdır.
Yemək bişirərkən onları birbaşa qazana atmaq olar.
Dondurulmuş tərəvəzlər daha tez bişdiyi üçün onları yeməyə sonda əlavə etmək tövsiyə olunur.