Sürgündən dönən, müəllimini sevən, 40 il sonra komsomola keçən bəy balası... – MƏKTƏB İLLƏRİ
22 mart 2017 16:43 (UTC +04:00)

Sürgündən dönən, müəllimini sevən, 40 il sonra komsomola keçən bəy balası... – MƏKTƏB İLLƏRİ

“Böyük həyata gedən yolumuz yaxşı oxumaqdan keçirdi. Bakıya gəlib ali təhsil almaq üçün mütləq yaxşı oxumalı idik. O vaxt imtahanı böyük alimlər, professorlar götürərdi. Bizim kənddə belə bir ölçü vardı. Əsasən oğlanlara aiddi. Biz təsəvvür edə bilmirdik ki, necə ola bilər, 10 il orta məktəbdə oxuyasan, həmin proqram əsasən ali məktəbə imtahan verəsən və kəsiləsən?! Kəndə uşağı ali məktəbə qəbul olmayan ailəyə pis baxırdılar. Bakıya gəlib, ali məktəbə qəbul olmayan uşaqlar utandıqlarından kənddə qayıtmazdılar. Bakıda qalıb həm işləyər, həm də peşə məktəblərində oxuyardılar”.

 

Lent.az-ın “Məktəb illəri” layihəsinin qonağı rejissor, əməkdar incəsənət xadimi Şeyx Ədbül Mahmudbəyovdur. Əslən Şamaxıdan olan Mahmudbəyovlar sürgündən qayıdandan sonra Hacıqabulun Atbulaq kəndinə yaşamağa başlayıblar.

 

 

-1950-ci ildə Atbulaq kənd orta məktəbinə getmişəm. Sapsarı idim, üzüm də çil-çil. Qıvrım saçlarım vardı. Cantaraq uşaq idim. Baxış müəllim mənə dedi, sən burda nə iş görürsən? Elə bilmişdi, yaşım çoxdu, gəlib birincilərlə oturmuşam. Soruşdu, neçə yaşın var? Dedim, altının içindəyəm. Dedi, doğrudan? Dedim, Vallah! Dedi, onda keç, arxada otur. Qabaqda oturanda arxadakılar lövhəni görmür. Keçdim arxaya. Soruşdu, kim şeir deyər? Dedim, mən! Nənəmdən eşitdiyim yanıltmacı dedim. Baxdı mənə, soruşdu hardan eşitmisən bunu? Dedim, nənəmdən. Dedi, sağ olsun nənən! Müəllimdi? Dedim, yox. Bəy arvadıdı. Dedi, hə, hə, bildim. Sonra soruşdu, kim şeir deyər? Dedim, mən! Axırda müəllim dedi, sən dur gəl qabağa.

 

 

- İlk kino həyatı məktəb illərindən başlayıb.

 

 

- Məktəblərdə festivallar keçirilərdi. 3 dəfə idman və mahnı oxumaq üzrə festival laureatı olmuşam. İndiyə kimi yadımdadı. “Həkim qız”, “Ay işığında”, “Küçələrə su səpmişəm” mahnılarını oxuyardım. 7-də oxuyanda kəndimizə kinoçəkənlər gəldi. Nazim Hikmətin əsəri əsasında Əjdər müəllim film çəkirdi. Onlara kəndən zirək uşaqlar lazım idi. Biz də vağzal uşaqları idik. Gecə-gündüz qatarın içində oynayan uşaqlar. Orda belə bir epizod vardı. Guya milyonerlər qatarla səyahət edirlər. Bizim kənddən keçəndə görürlər kasıb uşaqlar, üstümüz-başımız cırıq-cırıq. Və başlayırlar bizimlə məzələnməyə. Qatar gedə-gedə biz banan atırlar, konfet atırlar. Bizə də tapşırıblar ki, onlar atdıqlarını tutaq. Qatar gedə-gedə vaqonun altından keçib yığırdıq. Sözsüz ki, təhlükəli çəkiliş idi. Filmə baxsanız, görəcəksiniz. Qatarın altından keçib, relsin üstündən çıxıb konfetləri yığıram. Bu da mənim birinci kino həyatımdı.

 

 

Üstündən il yarım ötür və o növbəti filmə çəkilir.

 

 

- Rəhmətlik Lətif Səfərov Qobustanda “Leyli və Məcnun” filmini çəkirdi. Orda qullardan biri mənəm. Qolu bağlı aparırlar.

 

 

Həyatında iz buraxmış müəllimlərindən danışır.

 

 

- Məktəbimizə təzə ədəbiyyat müəllimi gəldi. Qasım müəllim. Kənddə davada vurub öldürdülər. Bizə iki il dərs dedi. Qəribə adam idi. Dram dərnəyi yaratmışdı. Mən orda həm aktyorluq edirdim, həm rejissorluq. Qonşuluqda kirayədə qalırdı. Gecə-gündüz ondan əl çəkmirdim. Qasım müəllimdən sonra kəndə Salman müəllim gəldi. Qapı boyda kişi idi. Bir tərəfi iflic olmuşdu. Əsə-əsə gəzirdi. 70-dən çox yaşı vardı. 37-ci ildə Heydər Hüseynovun vaxtında Çobanzadələrlə birgə sürgün olunmuşdu, dilçi akademik olub. Hansısa əsəri üstündə işləyiblər. Stalinin xoşuna gəlməyib. Heydər Hüseynov damarını kəsib özünə qəsd edir, qalanları sürgün olunur. Salman müəllim 15-17 illik sürgün həyatından sonra vətənə qayıdır. O vaxtkı rəhbərlik onu kənddə işləməyə məcbur edir. Salman müəllimi göndərirlər bizim məktəbə. Qoltuğunda qalın kitab gəzdirərdi. Məhəmməd Füzulinin cildləri. Fars, ərəb, ingilis, rus dillərini mükəmməl bilirdi. Füzulinin kitabı ilə yatıb-qalxırdı. Dərsdə də tez-tez yoxlayırdı ki, birdən itirər. Salman müəllim Babazadə! Bizdə bir müəllimə vardı. Bir az kobud idi. Bir dəfə nəsə bunların sözü çəp gəldi, mübahisə etdilər. Qadın onu təhqir eləmək üçün dedi, “ə, sənin Füzulin də belə-belə olsun!” Bunu eşidən kimi kişinin ürəyi getdi. Məktəbə həkim gəldi. Bir həftə yatdı kişi. Məktəbin direktoru vardı, Məhərrəm müəllim. Salman müəllimin üstündə əsirdi: Ay Salman müəllim, əsəbiləşmə. Dedi, mən böyük faciələr yaşamış ağsaqqalam: “Yəqin ki, qocalmışam, ağlım daha işləmir. Mənə deyən lazım idi ki, o həyasızla niyə mübahisə edirsən?! Məni söysə, əsəbiləşməzdim. Füzulini söyməyi mənə çox pis təsir elədi”. Salman müəllimin əli həmişə mənim başımda olardı. Sığal çəkərdi. Məndə əruza, qəzələ sevgini o kişi yaratdı. Bundan sonra dəqiq elmləri özümdən uzaqlaşdırdım. Bizim məktəbdə bir neçə ay işləsə də, mən ölənə kimi ondan əl çəkmədim. Bakıya yanına gedib-gəlirdim.

 

 

Deyir, “modnıy” oğlan olduğu üçün parta yoldaşı daim qızlar olub.

 

 

- O qızların çoxu dünyasını dəyişib. Şəfiqə xanım var. Sabirabadda yaşayır. Bir az naxoşlayıb. Allah ona şəfa versin!

 

- Sinif yoldaşlarınızla görüşürsünüz?

 

 

- Qızlarla ancaq xeyirdə, şərdə. Oğlanlarla, bəli, görüşürük. Universitetin prorektoru var, Əlibala müəllim Nazirlər Kabinetində işləyir, Davud universitetdə professordu, Fəxrəddin Məmmədov uzun illər Azərbaycan Tibb Universitetinin tarix kafedrasının müdiri işləyib və s.

 

- Ən yaxın dostunuz hansı olub?

 

- Düzünü deyim ki, kənddə fərdi dostluq olmur. Kollektiv sürətdə dost idik. Oyunumuz da bir idi, davamız da.

 

 

Ən yadda qalan xatirələri kino ilə bağlıdır. Bir də məktəb illərində komsomola keçirməməkləri.

 

 

- Pionerə, komsomola çox böyük maraq vardı. Bizim kənddən rayon mərkəzinə 30-35 kilometr məsafə vardı. Torpaq yollarla, əziyyətli. “Polutorka” maşın tutmuşdular. Məktəbdən yığıb aparırdılar komsomola keçməyə. Nənəm rəhmətlik geyindirib yola saldı ki, komsomola keçəcəm. Çatdıq rayona. Bizdən başqa məktəbin uşaqları da gəlmişdi. Hamı keçdi, növbə mənə çatanda sarı-kürən kişi vardı, dedi, “hələ sənin yaşın çatmır”. Bu, mənə möhkəm zərbə oldu. Kəndə qayıtdıq. Uşaqlar hamısı sevinə-sevinə, mən ağlaya-ağlaya. Qapıdan içəri girəndə rəhmətlik nənəm soruşdu, bəy balası, niyə ağlayırsan? Dedim, məni komsomola qəbul etmədilər. Nənəm dedi, bəy balası, bizi komsomola götürməzlər. O vaxt ağlım kəsmirdi. Sonradan başa düşdüm ki, repressiya olunmuşların uşağı olduğum üçün məni komsomola keçirməyiblər. Pis olmayım deyə yalandan mənə “yaşın çatmır” demişdilər. Xanım-xatın nənəm vardı. Bizə “bəy balası” deyərdi. Ölənə kimi sovetdən heç nə yemədi. Hər şeyi özü hazırlayardı: yağı, pendiri, çörəyi, şoru. İllər keçdi. “Yeddi oğul istərəm” filminə çəkildim. Mərkəzi komsomolun qərarı ilə filmdəki komsomol biletlərini bizə hədiyyə etdilər. 40 ildən sonra gəldi mənə qismət oldu. Həmin bileti hələ də saxlayıram.

 

 

Məktəb illərində fransız dili müəllimini sevdiyini etiraf edir.

 

 

- Brilyant müəllim. Mənim olardı 16 yaşım. O da cavan qız idi. İnstitutu bitirən il təyinatla bizim məktəbə gəlmişdi. Qonşuluğumuzda kirayənişin qalırdı. Onun eşqinə pəncərəni açıq qoyub, muğam oxuyardım. Axırda bu məsələ bir az ictimailəşdi, müəllimə bizim kənddən gedəsi oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5797
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar