<span style="color:red;">Sənubər İsgəndərli:  <b>“Xətkeşlə əlimə o qədər döymüşdü ki...”</b>  <span style="color:red;">”MƏKTƏB İLLƏRİ”
23 noyabr 2014 12:00 (UTC +04:00)

Sənubər İsgəndərli: “Xətkeşlə əlimə o qədər döymüşdü ki...” ”MƏKTƏB İLLƏRİ”

Məktəb illərindən danışacağımızı deyəndə dayandı. Sonra “nə danışım?” dedi. “Gör neçə il keçib?!”. Amma elə ki, söhbətə başladıq dalbadal xatirələrini ipə düzdü. Gah güldü, gah kədərləndi. Məktəb onun üçün sözün əsl mənasında dərs keçib. Həyat dərsi. Həyatı erkən yaşadıb. Əvvəl Yaqutun ölümü, sonra anasının. “Məktəb illəri” layihəsinin növbəti qonağı Azərbaycan Dövlət Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərlidir. Elə teatrda görüşüb söhbətimizə başladıq.

 

 

- Birinci sinfə 158 saylı məktəbə getmişəm. İlk müəlliməm Minəxanım müəllimə olub. Altıncı sinfi bitirənə yaxın anam qəfil rəhmətə getdi. Məni gətirdilər nənəmin yanına. “Sovetski”yə. Artıq yeddinci sinfə 173 saylı məktəbə getdim. Rəhmətlik sənətkarımız Yaşar Nuriyev də bu məktəbdə oxuyub. 158-də həm rus bölməsi vardı, həm Azərbaycan. Burda isə ancaq Azərbaycan bölməsi vardı. Yasamalda nə qədər azadlığımız vardısa, “Sovetski”də o qədər qapalılıq vardı. Burda artıq altıncı, yeddinci sinifdən qızlar artıq xala-xala oynayırdılar, ərə getməyi düşünürdülər. Məhəllənin yazılmamış qanunları vardı. Elə ki, qız yetkinlik yaşına çatdı. Mütləq ərə verilməlidir.

 

 

 

Sənubər xanım 1967-ci il sentyabrın 1-ni belə xatırlayır.

 

 

- Uzun hörüklərim vardı. Qırmızı, xınalı saçlarım. Anam həmişə xına qoyardı saçıma. Dayım gəmidə işləyirdi. İrana tez-tez gedib gələrdi. Anama xınanı o gətirərdi. Evimizdən xına əksik olmazdı. Anam xınanı yaman çox sevərdi. Anamı xatırlayanda xınalı əlləri gözümün qabağına gəlir. Hər həftə başıma xına yaxardı. O vaxt ən nifrət elədiyim şey xınaydı. Ağ bantlarım yadıma gəlir. Bir də hay-küy...

 

 

 

Məktəbi beşinci sinifdən sonra sevməyə başlayıb.

 

 

- Yeganə sevdiyim dərs ədəbiyyat idi. Bəhriyyə müəllimə sevdirdi mənə. Mən həmişə deyirəm ki, müəllimdən çox şey asılıdı. Müəllim tədris etdiyi fənni şagirdinə sevdirməlidir. Bəhriyyə müəlliməni o qədər sevirdim ki, onun dərsinə uça-uça gedirdim. Ən sevmədiyim fənlər riyaziyyat, kimya, fizika olub. Texniki fənlərlə heç aram yoxuydu. Əvvəldən sevməmişəm. Uşaqlıqdan hansı sənəti deyirsiz təsəvvür edə bilərdim, amma heç vaxt özümü riyaziyyatçı, fizik, yaxud kimyaçı kimi görə bilməzdim.

 

 

Məktəbi bitirən kimi ailə quran aktrisamız sənədlərini şərqşünaslıq fakültəsinə verməyi düşünür. Sonradan isə fikrini dəyişib incəsənətə verir.

 

- Anam sağ olana qədər başımın üstündə möhkəm dururdu. Vurma cədvəlini mənə öyrədənə qədər əllərim göm - göy olmuşdu. Səhv dedikcə, xətkeşlə vurardı. Bu yaşımda belə gecə üçdə məni yuxudan oyatsan gözü yumulu vurma cədvəlini sənə danışa bilərəm. Altı il, anam sağ olana qədər şəklim şərəf lövhəsində, əlaçılar sırasında oldu. Anamdan sonra həyatım yüz faiz dəyişdi. Nənəmin himayəsində olanda artıq dərslərimə fikir verən olmadı. Musiqi məktəbinə də gedirdim. İstədim şərqşünaslığa verim sənədlərimi. Baxdım attestatıma. Başa düşdüm ki, savadım ora çatmayacaq. Başım sevgiyə qarışmışdı. On illiyi bitirən kimi ərə getdim. Bir neçə il sonra təhsilimi davam etdirmək qərarına gəldim. Allaha təvəkkül deyib, 1985-ci ildə sənədlərimi verdim İncəsənət Universitetinə. Və  qəbul oldum. Qızım körpəydi deyə qiyabi oxudum. İlk roluma elə birinci kursdan çəkildim. Ailəli olmasaydım, atamın ixtiyarında olsaydım, təbii ki, heç vaxt aktrisa olmayacaqdım. İcazə verməzdi. Baxmayaraq ki, incəsənəti çox sevən adamıydı.

 

Onun xəbəri yoxuydu ki, mən İncəsənət Universitetinə daxil olmuşam. Birinci kursda oxuyanda Nəriman Həsənzadənin “Kimin sualı var?” televiziya tamaşasında çəkildim. Atam efirdə görüb birbaşa evimizə gəlmişdi. Gördüm gözləri gülür. Bir kəlmə dedi ki, mənim ixtiyarımda deyilsən. Sonra yoldaşıma baxıb, “özün bilərsən” dedi. Yoldaşım əvvəl qeyri-ciddi qarşıladı. Elə bildi ki, hobbimdi, zamanla keçəcək. Sonra gördü ki, yox, bu həna o hənadan deyil. Keçib getmir. Qarşımı çox aldı. Ssenariləri birinci özü oxuyurdu. Səksəninci illərdə ssenarilər çox gəlirdi. O vaxt çox filmlərdən geri qoydu məni. Həmişə bir bəhanə tapardı. Gənciydim. Gənc qızı da adətən sevgili roluna çəkirdilər. İcazə vermirdi.

 

 

Məktəb illərində sevgi-məhəbbət...

 

- O vaxt sevgilər də başqaydı. İndi “sms” yazırlar, o vaxt məktub yazardılar. “Sovetski”də nəbadə oğlan qızın çantasını daşıyardı. 158-də eləyirdilər. 173-də oğlan qorxardı qızla dayanıb söhbət etməyə. Özü üçün qorxmazdı, qıza hörmətdən eləməzdilər. İstəməzdilər qıza problem yaransın. Balaca-balaca məktublar yazırdılar. Məktubları da mütləq başqa qız gətirib verərdi. Çox məktub alardım. Məktubsuz günüm olmazdı. Bağçada olanda bir oğlandan xoşum gəlirdi. İndiyə qədər də o oğlan yadıma düşür. Rəqs edəndə şəklimiz də var. O bağçaya gəlməyəndə qanım qaralırdı (gülür). Qadın həmişə nə istəyir? Sevgi dolu baxışlar onu izləsin. Məndə də beləydi. Tutalım o dərsdə olmayanda deyinirdim ki, bu gün heç kəs mənə elə baxmayacaq?! Vəssalam. O vaxt sevgilər daha abırlıydı. Daha təmiz, daha safıydı. Gül şəkli çəkərdilər, ya ürək.

 

 

Məktəb illərinin ən ağır ili – Yaqutun faciəvi ölümü...

 

 

- Həyatın ilk şilləsini, ilk ağrısını məktəbdə almışam. Birinci sinifdən əl-ələ gəzdiyim, ilk rəfiqəm Yaqut beşinci sinifdə rəhmətə getdi. Yelləncəkdən yıxılmışdı. Bir il onun oturduğu partaya qırmızı salıb, üstünə qərənfil qoyurduq. Hər gün birimiz gül alırdıq. Hətta 173-də oxuyan vaxtlarda da hər ilin mayında köhnə sinif yoldaşlarımla görüşüb onun qəbrini ziyarət edərdik. İlk dəfə ölüm nədi başa düşdüm. O qədər pis təsir eləmişdi ki, yemir-içmirdim. Elə hey ağlayırdım. Axırda anam üzümə bir şillə vurdu ki, bəsdi. Şillədən sonra özümə gəldim. Yaqutu yaddaşıma necə qoymuşamsa, elə də durur. Bu dəqiqə qapıdan içəri girsə, tanıyaram. Yaqutla şəklim də olmalıdı. O vaxt anam unudum deyə şəkillərimin çoxunu gizlətmişdi. Bizi onun dəfninə də aparmışdılar. Klarnetlə dəfn etdilər. Gərək bizi aparmazdılar. Uşaq psixologiyası üçün travmadı. Qızımın sinfində belə hadisə baş versəydi, mən qoymazdım onu qəbiristanlığa.

 

 

“Mənə “xaxol” deyirdilər”

- “Sovetski”də uşaqlar mənə “xaxol” deyirdilər. Anam rus kanalına baxırdı deyə, mən də  rus kanalına baxır, rusca kitab oxuyurdum. Buna görə, məni belə çağırırdılar. Həm saçım da sarıydı. Anamdan sonra bir daha saçıma xına qoymadım. Dizimə qədər gəlib çatan uzun və həddindən artıq qalın hörüklərim vardı. Anamda saçlarıma xüsusi qulluq edərdi. Gah sirkəylə yuyurdu, gah qatıqla, gah da yumurta sarısıyla. O sabun olmasın, bu sabun olsun. Darayanda da yanına su qoyardı. Darağı suya batırıb darıyardı ki, saçım zədələnməsin. Anam iyunun üçündə rəhmətə getdi. Yas mərasimi anamın kəndi – Şağanda oldu. Qəfil infarkt vurmuşdu. Hamı dəydi bir-birinə. Mən yada düşmədim. Ancaq yeməyimlə maraqlanırdılar. Bir necə gün saçımı darayan olmadı. Yasdan sonra gəldik nənəmgilə. “Sovetski”yə. Böyük hamam vardı. Hamımız getdik hamama. Saçımı yudular, iki yerə ayırdılar. Bir tərəfini bibim, digərini nənəm darıyırdı. Saçım elə dolaşıq düşmüşdü ki, aça bilmirdilər. Daraya-daraya hər ikisi ağlayırdılar. Ondan sonra kəsdilər saçımı. Ondan sonra özümə “çolka” da kəsdim. Ömür boyu əlini mənə vurmayan atam onda mənə sillə də vurdu.

 

 

 

Dərsdən qaçmısız sualını verən kimi Sənubər xanım əlini əlinə vurub “dərsdən qaçmayan düşmənin olsun” dedi.

 

 

- Səkkizdə-doqquzda oxuyan vaxtlar diplomat çantalar aparardıq məktəbə. Məktəbin binasından əlimizdə diplomat çıxmağa qoymazdılar deyə bir dəfə çantaları yuxarıdan atardı, biz isə binadan əliboş çıxardıq. Yuxarıdan atılmaqdan diplomatın ağzı-gözü əyilmişdi. “Bobbi” kinosunun dəbdə olan vaxtlarıydı. Bu filmə sinif yoldaşlarımızla azı on dəfə baxmışıq. Təzə vaxtlar valideynlərimizi məktəbə çağırtdırıb bizi cəzalandırdılar. Sonralar o qədər qaçdıq ki, cəza da vermirdilər. Həm tək bizim sinif qaçmırdı. Yuxarı siniflərin hamısı beləydi.

 

 

“Atam işə gedəndən sonra...”

 

 

- “Sovetski”də evlərin divarı çox qalın olardı. Pəncərələrdən şkaf kimi istifadə edirdilər. Yorğan-döşək yığardılar, üstündən də pərdə çəkərdilər. Dərsə getmək istəməyəndə ayaqqabımı, çantamı gizlədib pəncərənin içinə girib yatardım. Atam işə gedəndən sonra çıxıb yerimdə yatırdım. Elə olurdu ki, yatıb orda qalırdım, nənəm otağı yığanda tapardı.

 

 

 

 

 

“...uşaq məktəbə niyə gedir?”

 

 

- İndiki təhsillə bizim vaxtımızdakı təhsil arasında yerlə göy qədər fərq var. Nəvəm ikinci sinfə gedir. Əvvəl ev tapşırıqlarını şagird özü tək başına həll edərdi. İndi ev tapşırıqları elə bil valideynlər üçün verilib, uşaq üçün yox. Valideyn oturub baş sındırır ki, bunu necə başa salsınlar ki, uşaq başa düşsün? Valideyn uşağa başa salacaqsa, daha uşaq məktəbə niyə gedir?

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5816
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar