“Qaçdığımız yerdə qolumdan yapışdı...” – <span style="color:red;">HACI ŞAHİN O İLLƏRİ DANIŞIR
06 aprel 2017 13:06 (UTC +04:00)

“Qaçdığımız yerdə qolumdan yapışdı...” – HACI ŞAHİN O İLLƏRİ DANIŞIR

 

 

“İlk dəfə məktəbə atamla getmişdim. Çox həyəcanlı idim. Açığını deyim, məktəbə getmək istəmirdim və çox narahat idim”.

 

Lent.az-ın “Məktəb illəri” layihəsinin qonağı ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənlidir.

 

 

Məktəbə 1981-ci ildə gedib. Bakının 189 saylı orta məktəbinə. 

 

- Rus bölməsində təhsil almışam. İlk müəllimim Svetlana İvanovna olub. Həyatımda xüsusi iz qoymayıb. Növbəti siniflərdə oxuduğum zaman müəllimlərin müxtəlif cəhətləri yadımdadır. Dinimiz də bunu deyir ki, ustadın insanın boynunda haqqı var. Şagirdlərlə xüsusi kontakta girən, dostluq edən müəllim deyildi. Hər halda dərsi yaxşı deyirdi. Elmi səviyyəsi normal idi.

 

- İlk parta yoldaşınız?

 

 

- Gülnarə adlı qızıydı. Sonradan fərqli insanlarla oturdum. Amma onunla dostluğumuz məktəbi bitirənə qədər qaldı. Hətta məktəbi bitirəndən sonra da görüşmüşdük.

 

- Bəs indi?

 

- İndi artıq yox. İndi bilmirəm haradadı.

 

- Görüşdüyünz sinif yoldaşınız var?

 

- Sinif yoldaşlarımla iki il əvvəl görüşmüşdük. Ümumiyyətlə, 189 nömrəli məktəbin məzunları arasında əlaqələr itmir. “Şən və Hazırcavablar Klubu”ndakı bəzi gənclər dostumuzdur. Bir məktəbdə oxumuşuq. Bizim məktəbdə sinif yoldaşların tez-tez görüşməsi ənənəsi var.

 

- Məktəb illərində dostunuz kim olub?

 

- Rəşad. İndi də münasibətimiz var. Sonra Mahir. Bu yaxınlarda onunla da görüşmüşük. Məktəb illərindəki sıxlıqda olmasa da, davam edir.

 

Məktəb illərindəki ən sevimli müəllimi haqda danışır.

 

- Ən sevdiyim müəllim coğrafiya müəllimimiz idi. Cəmilə müəllim. Çox xoşum gəlirdi. O zaman Milli Azadlıq Hərəkatı başlamışdı. Rus dilində təhsil aldığımızdan orada fərqli mühit vardı. Cəmilə müəllim Milli Azadlıq Hərəkatında fəal iştirak edirdi. Bizim, şəxsən mənim düşüncəmiz formalaşmasında onun rolu olub. Onu unutmuram. Məktəbdə “Odlar yurdu” adlı divar qəzeti hazırlayırdıq. O vaxt üçün bu, inqilabi hərəkət hesab olunurdu. Xatırlayıram ki, qəzetdə Cümhuriyyət haqda yazı hazırlamışdıq. O vaxtkı Kommunist (İstiqlaliyyət) küçəsində yerləşən Cümhuriyyətin parlament binasının şəklini də qəzetə vurmuşduq. Bəziləri buna qıcıqlanırdılar. Hətta “Odlar yurdu” adlı İctimai Təşkilat da yaratmışdıq və mən də onun üzvüydüm.

 

- Sevmədiyiniz müəllim vardı?

 

- Elə bir müəllimim olmayıb ki, onu xoşlamayım.

 

Ən sevdiyi fənn tarix olub.

 

- Humanitar fənləri çox sevmişəm, xüsusən də tarixi. Cəbr-həndəsəni də. Kimya ilə aram olmayıb heç zaman.

 

Məktəb illərindən ən yadda qalan xatirəsini bölüşür.

 

- Məktəbimizin daxilində “Şən və Hazırcavablar Klubu” vardı. Klubların yarışması çox maraqlı olardı.

 

- Siz özünüz o yarışda iştirak edirdiz?

 

- Bəli. O yarışda iştirak etmək üçün bütün sinif səfərbər olurduq. Ssenarilərin yazılması, hazırlıq prosesi, məktəbin akt zalında o tədbirin keçirilməsi çox maraqlı idi. Eyni zamanda, yuxarıda dediyim “Odlar yurdu” təşkilatındakı fəaliyyətimiz də maraqlı idi. Ümumiyyətlə, məktəb illərimi xüsusi məmnuniyyət hissiylə xatırlayıram. Məktəb illərim çox xoş keçib. Çox mehriban sinfimiz vardı. O illəri xatırlayanda qəribə, xoş hisslər keçirirəm.

 

- Dərsdən qaçmısınız?

 

- Bəli, olub arada. Məktəbdə yaxşı oxumuşam. Bunu müəllimlərim və sinif yoldaşlarım da təsdiq edə bilər. Amma ətrafdan təcrid olunan, sırf elmlə məşğul olan uşaqlardan da deyildim. Yəni gəzməklə, əyləncə ilə elmi uzlaşdırmağa çalışmışam. Bəzən olub ki, qaydaları pozmuşuq, dərsdən də qaçmışıq. Hətta bir dəfə dərsdən qaçanda məktəbin direktorunun müavini qolumdan tutdu ki, gəlin qayıdaq məktəbə. Mehriban tərzdə məni məktəbə qaytardı. Onun mənə yaxşı münasibəti vardı. Dərsindən “5” alırdım. Tarix dərsi keçirdi. Xatırlayıram ki, ilk dəfə onun dərsində əlimi qaldırdım, məndən dərs soruşmadı. Növbəti dərsdə də əlimi qaldırdım, məndən dərs soruşmadı. Üçüncü dərsdə soruşdu, “adın nədi?” Adımı dedim, jurnala mənə “5” yazdı. Dedi, 3 dərsdi bu qədər canfəşanlıq edirsən, bilirəm ki, dərsə hazırsan.

 

- Döyülmüsünüz?

 

- Xeyr, bizim məktəbdə müəllimlər, ümumiyyətlə, uşaqlara əl qaldırmırdı.

 

Hacı Şahin Həsənli özün necə şagird olduğunu xarakterizə edir.

 

- Dərslərimi yaxşı oxumuşam. Davakar olmamışam, amma arada davalarımız da olub (gülür).

 

Deyir, məktəb illərində sevgi-məhəbbət də olub.

 

- Bəli, sevgi-məhəbbət də olub. Düzdü, indi o sevgidən əsər-əlamət qalmayıb, amma sevdiyim qız olub. İbtidai siniflərdə də olub, sonralar da. Sırf məktublaşma olub. Sonra o hisslər soyuyub, yaddan çıxıb.

 

Son zəng...

 

- Məktəbdən sonra Fatmayidə dostumuzun bağında olduq. Bulvara da getmişdik. Son zənglə bağlı müsbət xatirələrim var. Sinif uşaqlardan bəziləri depressiyaya belə düşmüşdü ki, məktəbi bitirdikdən sonra ayrılacağıq bir-birimizdən.

 

- Bəs siz?

 

- Məndə də narahatlıq vardı. Etiraf edirəm ki, məktəbdən ayrılmaq mənim üçün çox çətin idi. Hətta bir neçə il özümə gələ bilmədim. Universitetdə məktəbdəki mühiti görə bilmirdim. Doğma insanlardan ayrılmış kimi hiss edirdim. Bir neçə il sonra tədricən uyğunlaşdım.

 

Sonda sovet dövründəki təhsil sistemi ilə indiki təhsil sistemini müqayisə edir.

 

- Tamamilə fərqli sistemdir. İndiki təhsil sisteminin də öz üstünlüyü var. Uşaqlarla məşğul olanda görürəm, indiki təhsildə məntiqə üstünlük verilir. Bunu müsbət cəhət kimi dəyərləndirirəm. İmtahanlar test üsulu ilə götürülür. Şifahi imtahanların öz üstün cəhətləri vardı ki, uşaqlar fikrini daha yaxşı ifadə edə bilirlər. Hər bir sistemin öz üstün və zəif cəhətləri var. Birmənalı olaraq sovet təhsil sisteminin tərəfdarı deyiləm. Amma hesab edirəm ki, müasir təhsil sistemində inkişaf gedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6410
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar