<span style="color:red;">Oqtay Əliyev:  “Onu sevə bilərdim, amma evlənmək yox...” - <span style="color:red;">MƏKTƏB İLLƏRİ
01 fevral 2017 15:21 (UTC +04:00)

Oqtay Əliyev: “Onu sevə bilərdim, amma evlənmək yox...” - MƏKTƏB İLLƏRİ

 

 

Birinci sinfə 1975-ci ildə Ermənistanın İrəvan şəhərində Mirzə Fətəli Axundov adına 9 saylı orta məktəbə gedib. Dərs oxumaqdan daha çox velosiped sürməyi xoşlayıb. Sonralar dərslərini yaxşı oxusa da, nadinc şagird olub. Döyüb də, döyülüb də. Məktəb illərində heç sevdiyi qız da olmayıb.

 

Lent.az-ın “Məktəb illəri” layihəsinin bugünkü qonağı “SOY” prodakşnın rəhbəri Oqtay Əliyevdir.

 

- İlk dərs günümdə deyirdim, dərs tez qurtarardı, evə gedib velosiped sürərdim. Boynuma “baboçka” taxmışdılar, əlimdə də gül. Gül tutmaqdan xoşum gəlmirdi. Elə indi də eləyəm. Azərbaycanın siyasətində çox məşhur insan var, mən birinci sinfə gedəndə o onuncunu bitirirdi. Bir-birimizə hədiyyə verdik. İlk müəllimimin çox qəribə adı vardı. Şaman. Yumşaq xarakterli qadın idi. İllər ötdü, 88-ci ildə İrəvandan çıxdıq, hərə bir tərəfə dağıldı. Böyük qızım birinci sinfə gedəndə gördüm müəllimi həmin Şaman müəllimdi. Şokda idim. O da məni tanıdı. Deyirlər e, məktəbdə müəllim şagirdi xətkeşlə döyüb-filan. Biz onların heç birini görmədik. Bizə öz övladı kimi yanaşırdı. Biz Azərbaycandan kənar ölkədə yaşadığımız üçün hamı bir olmağa çalışırdı ki, kimsə bizi parçalaya bilməsin. Ona görə də müəllimlər uşaqlara yaxşı bilik verməyə çalışırdılar. Tək çıxış yolu bu idi: yaxşı oxumalısan. Sovet dövrü olsa da, o vaxt məktəbdən və ailədən kənarda azərbaycanca danışa bilməzdik. Əks halda, ermənilər bizə qarşı aqressiv olurdular. Rus dilində də erməni əhalinin çoxu danışa bilmirdi. Ermənicə danışmaq məcburiyyətində qalırdıq. İndi də ermənicə yaxşı bilirəm. İrəvanda küçələrdə rusca yazı yox idi. Dükanlar, xəstəxanalar, kinoteatr, salonlar və s. hamısı ermənicə yazılırdı. Ermənilərlə azərbaycanlılar arasında gərginlik hələ o vaxtdan vardı. Onlar bizi, biz onları bəyənməzdik. İrəvanda mərkəzdə azərbaycanlılar məhəlləsində yaşayırdıq. 24 apreldə məhəlləmizə polislər düzürdülər ki, birdən nəsə münaqişə olar. Bizə tapşırırdılar ki, məktəbə gəlməyin.

 

- Dərsdən qaçmısınız?

 

- O qədər! Dərs səhər 9-da  başlayırdı, filmin seansı 10-da. Elə birbaşa kinoteatra gedirdik. O vaxtlar əsasən fransız filmləri göstərirdilər. Lui de Fünesin bütün filimlərinə  baxıb gülərdik.

 

Rəsmxəti sevmədiyindən danışır.

 

- Rəsmxəti çəkməzdən əvvəl aşağıda çəkəcəyim fiqurun ölçüləri yazılan cədvəl olurdu. Onu çəkmək daha çətin idi, nəinki fiqurun özünü. Romb çəkməyə nə var?! Ona görə də rəsmxətdən zəhləm gedirdi. Həndəsəni də qiymət xətrinə əzbərləyirdim. Fizikanı 10-cu sinfə qədər sevirdim. Əsas ədəbiyyat və Azərbaycan dili fənlərini sevirdim.

 

Məktəb illərindən ən yadda qalan xatirəsi ədəbiyyat müəlliməsi ilə bağlıdır.

 

- Səkkizdə, ya doqquzda oxuyurdum. “Ədəbiyyat və İncəsənət” qəzeti vardı. Orda Yazıçılar İttifaqının qurultayına aid məqalə çıxmışdı. Məqalədə rəhmətlik Heydər Əliyevin belə bir fikir vardı: “Bizim başqa ölkələrdə olan dahilərimizin qəbirlərini Azərbaycana gətirək. O cümlədən, Məhəmməd Füzulinin qəbrini”. Bu fikir mənə çox təsir elədi. Sonra məktəbdə bizə “Sənin arzun” mövzusunda inşa yazmağı tapşıranda mən ən böyük arzumun Füzulinin qəbrinin Azərbaycana gətirilməsi və onun Azərbaycanda təkrar dəfn olunması olduğunu yazdım. Müəllimə inşamı oxuyub mənə dedi, yazmısan ki, ən böyük arzun Füzulinin sümüklərinin Azərbaycanda gətirilməsidir. Sən o sümükləri nə edəcəksən? Yerdən bir uşaq qalxıb dedi, “təsbeh düzəldəcək”. Və başladılar lağ-lağı etməyə. Bərk əsəbləşdim, müəllimə dedim, bu söhbəti bir də açsanız, məndən inciməyin! Məktəb illərində onlarla hadisə olub. Amma bunu heç unuda bilmirəm. Çox pis təsir eləmişdi.

 

- Oqtay Əliyev necə şagird olub?

 

- Dərs baxımından heç bir problemim olmayıb. Qiymətlərim “4” və “5” olub. Amma gecə-gündüz oxuyan olmamışam. Dərsi bilməyəndə də yüz min dənə bəhanəm vardı (gülür). Özümlə evdən qırmızı bibər aparırdım, burnuma çəkirdim. Guya danışa bilmirəm, asqırırdım, gözlərim dolurdu. Müəllim deyirdi, sən Allah, çıx çölə! Bəzi şeylərdə haqsız idim. Səbəbsiz yerə dalaşırdım. Azərbaycanlılarla heç vaxt dalaşmazdıq. Bizim məktəbdə heç vaxt böyük dava olmayıb. Balaca bir narazılıq dərhal həll olurdu. Amma ermənilərlə tez-tez davamız olardı. Qabaqdan gələnə “nə deyirsən?”, deyirdim. O da təbii ki, cavab qaytarırdı və dalaşırdıq.

 

- Bu xarakter sizdə neçə yaşınıza qədər davam etdi?

 

- Hələ də var.

 

Gülürük.

 

- Amma indi azalıb. Küçədə gedən kimsə ilə işim yoxdu. Görəndə ki, qarşındakı haqsızlıq edir, dözə bilmirəm.

 

- Müəllim döyüb sizi?

 

- Heç vaxt! Tək mən yox, sinifdəki uşaqlar da döyülməyib. Hamı bir-birini tanıyırdı. Müəllimlərlə valideynimiz tanış idi. Birinci sinif müəllimim ilə anam orta məktəbi bir yerdə oxumuşdu. Xalq artisti Mübariz Tağıyev də onlardan 1-2 sinif aşağı oxuyub. Nəcibə müəllimə ilə nənəm sinif yoldaş olmuşdu.

 

- Parta yoldaşınızı xatırlayırsınız?

 

- Müxtəlif adamlar olub. İlk günlər Sərvan adlı oğlanlar otururdum. İndi Neft Şirkətində işləyir. Bir müddət qabaq partada oturdum. Sonra dedilər, yekəsən, arxadakılar lövhəni görmür, keç arxaya. Belə-belə, bir də gördüm ki, sonuncu partada otururam. Hərdən səs-küy salırdım deyə yavaş-yavaş yanımdakı uşaqları keçirdilər qabağa. Mən tək qaldım. Zamanla təkliyə alışdım (gülür).

 

- Sevdiyiniz məşğuliyyət vardımı o illər?

 

- Səkkizinci sinifdə oxuyanda həftədə bir dəfə dərsə getməzdik. Bizi aparırdılar kombinata. Qızlara aşpazlıq, dərzilik, oğlanlara sürücülük, xarratlıq, dəmirçilik öyrədirdilər. Bir də gənc “çekist”lər hazırlayırdılar.

 

- Siz hansını seçmişdiz?

 

- Gənc “çekist”ləri. Əslində sürücülüyü istəyirdim, orda yer olmadı. 3-cü dərəcəli sürücülük vəsiqəsi verirdilər deyə oğlanların hamısı oranı seçirdi.

 

- Nə öyrədirdilər orda?

 

- Məxfi texnologiyaları, psixologiyanı və s. Məsələn, qarşındakı insan səninlə söhbət edərkən stolun yarısında oturubsa, demək gərgindi. Cığırdan neçə nəfər keçib, hansı ağır, hansı yüngül çəkili olub və s. Uşaqlar üçün çox maraqlı olurdu. Diqqətimin mərkəzləşməsində çox böyük rolu oldu. Bir yerə gedim, orda olan hər şey avtomatik hafizəmə həkk olunur.

 

- Məktəb illərində sevgi-məhəbbət?

 

- Olmayıb.

 

- Erməni qızı sevmək olardı?

 

- Sevmək .... (gülür), evlənmək heç vaxt. Düzdü, erməni qızıyla evlənən 2-3 azərbaycanlı vardı. Bütün qohumlar onlardan üz çevirmişdi. Amma heç bir azərbaycanlı qız erməniyə ərə getməzdi.

 

Son söz

 

- Maraqlı uşaqlığım olub. Ana nənəm mənim üçün hər bir uşağın arzulayacağı hər şeyi edib. Çox müasir idi nənəm. Mənə cins şalvar alardı. Sonra boyunbağı almışdı, ucunda “lezviya” kulon. 3 aylıq yay tətilində hər aya yeni model velosiped alardı. İlk dəfə banan yeməyim, Coca-cola içməyim yadıma gəlir. Məktəbli formamı Moskvadan gətizdirərdi. Valideynlərim çox narahat olurdular ki, ərköyün böyüyürəm. Hazıra nazir. Amma belə olmadı.

 

- Son zəng günü heç vaxt təsəvvür etməzdim ki, məktəbə axırıncı gəlişimdi. Məktəbdə oxuduq, oynadıq, sonra yeyib-içməyə şəhərdən kənarda meşəliyə getdik. Oğlanların ən böyük arzusu o idi ki, həmin günü araq içsinlər. Mən də içdim, xoşuma gəlmədi. Günü bu günə kimi də araq içmirəm. Limonad ondan yaxşı dad verir. Yaxşı məktəb illəri yaşamışam. Sonra imtahanlar və attestat təqdim etdilər, məktəbimizin direktoru çıxış edib dedi ki, siz artıq məktəblə vidalaşırsız, ümidvaram ki, bizi yaddan çıxartmazsınız... Uşaqlardan biri yavaşca dedi ki, canimiz qurtardı. Heç vaxt ağlıma gəlməzdi ki, bu məktəbdən son gedişimizdi və heç vaxt bura qayıda biləyəcəyik. Məktəbi bitirdik, film də bitdi. Və bu filmin ardınca çox pis filmlər başladı. Qaçqın düşdük... Artıq 30 ildir ki, məktəbimizin həsrəti ilə yaşayıram. 

# 5649
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar