"O sevgim əsgərlik dövrünə qədər yaşadı" - Vaqif Əsədovun <span style="color:red;">"MƏKTƏB İLLƏRİ"
14 yanvar 2017 10:40 (UTC +04:00)

"O sevgim əsgərlik dövrünə qədər yaşadı" - Vaqif Əsədovun "MƏKTƏB İLLƏRİ"

 

O, birinci sinfə 1969-cu ilin sentyabrında gedib. Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Əkbər Ağayev adına 3 nömrəli tam orta məktəbə.

 

Lent.az-ın “Məktəb illəri” layihəsinin qonağı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovdur.

 

İlk dərs gününü soruşuruq. Dərindən köks ötürür.

 

- Dəcəlliyim yadıma gəlir. O vaxt dərsə mürəkkəb aparardıq. Bir qız, bir oğlan oturardıq. Bilmədən əlim dəydi, mürəkkəbim partanın üstünə, ordan da yanımda əyləşən qızın üstünə dağıldı. Önlüyü çirkləndi. Çox pərt oldum. Məni çox danladılar. Qız məndən küsdü, yanımda oturmadı. Məni ən axırıncı partada oğlanla otuzdurdular. Özümü elə apardım ki, guya heç vecimə almıram. Amma böyüdükcə, bu hadisə uzun illər məni narahat elədi. Altıncı sinifdə o qızla barışdıq. İndi də o dövrün sinif yoldaşları ilə zəngləşirik. Hörmətli xanımdı, gözəl də ailəsi var.

 

İlk müəllimi Xurşid İmanova olub.

 

- Onun haqqında danışanda gözlərim yaşarır.

 

Kövrəlir.

 

- Tək o deyil. Solmaz Orucəliyeva, Ramilə Əliyeva, Məhbubə, Elza, Luiza, İmran, Yaqub, Dadaş, Zakir, Lətif, Əlyar müəllim və başqaları. Təəssüf ki, bəziləri artıq dünyasını dəyişib, mənim bugünkü uğurlarımı görə bilmirlər. Xurşid müəllimlə biz ana-bala olmuşuq. Solmaz müəllimə indi də Ordubadda yaşayır. Yeri gəlmişkən, onu salamlayıram. Arada zəngləşirik də. Bizim dövrdə insanlar başqa cür olub. Biz müəllim görəndə ayağa qalxardıq, papağımızı başımızdan çıxarardıq. Elə bilirdik müəllim çörək yemir. Yeri gələndə müəllim bizi döyürdü. Mən elə hesab edirəm ki, müəllimlərimin məni kötəkləməsi mənim bugünkü uğurlarımı qazanmağıma səbəb olub. Müəllim kötəyi, elə bilin, valideyn kötəyi idi. 1970-80-ci illərin təhsili doğrudan da maraqlı idi. Biz bir dəqiqə boş durmurduq. Əmək dərsində taxtadan təyyarə düzəldərdik. Xüsusi mühərriklər vardı, taxtaya bərkidib, rusun “Apollon” gəmisinə oxşadırdıq. Alışqanlar vardı. Raket göydə partlayıb, paraşütlə düşərdi. Tez-tez tir atmağa gedərdik. Uşaqlığımız, gəncliyimiz mənalı keçib. Bugünkü günə nisbətən bolluq içində keçməyib. Hər şeyə qənaət edərdik. Yaxşı xatırlayıram, valideynim 120 rubl maaş alardı. O puldan 5 kilo ət alardıq. Onu qənaətlə bir ay boyunca yeyərdik. İctimai qınaq vardı. Addım atmazdan düşünərdik ki, kimsə bizim haqqımızda nəsə deməsin. Bir kəlmə ilə hər şey gözəl idi. O qədər fəal idim ki, səkkizinci sinifdə komsomol təşkilat katibi seçilmişdim. O dövrdə belə idi.

 

İlk qazancını xatırlayır.                                                                                        

 

-Məktəbi bitirəndən sonra axşamlar Politexnik İnstitutunda oxuyurdum, gündüzlər leytenant Şmidt adına zavodda işləyirdim. Usta köməkçisi kimi işə başladım. Əvvəl 100-140 manat maaş aldım, sonra daha böyük çilingər avadanlıqlarında işlədim, 270-350 manat maaş aldım. Orta aylıq əmək haqqı 250-270 manat idi. Mən evə də pul göndərirdim. 1982-83-cü illər idi. Cins şalvarlar dəbdə idi. Təxminən 120 manatıydı. Maaşım imkan verirdi ki, mən o şalvarı aldım.

 

 

Məktəb illərində sevgi-məhəbbət!

 

-Təbii ki, o da olub. Əsgərlik dövrünə qədər mənimlə yaşadı o sevgim. Əsgərliyə qədər mənə ancaq “yox” deyirdi. Birdən-birə əsgərliyə gedəndə mənə bildirdi ki, get, səni gözləyəcəm. Mən də o sevgiylə, o istəklə gözümü yumub açdım, iki il keçdi. Qayıtdım ki, ailə qurub. Demə, mənim qəlbimi qırmamaq üçün, sağ-salamat gedib gəlməyim üçün elə deyib. Gözümdə daha da böyüdü. Ona xoşbəxtlik arzu edirəm. Bir albomum var, başdan ayağa şeirdi. Bəzilərini özüm uydururdum, bəzilərini şeir kitablarından götürüb sözlərini dəyişirdim. Bəxtiyar Vahabzadənin bir şeiri vardı:

 

 

       Yaşamaq yanmaqdır, yanasan gərək.

        Həyatın mənası yalnız ondadı.

        Şam əgər yanmırsa, yaşamır demək.

        Onun da mənası yanmağındadır.

 

Mən onu belə dəyişmişdim:

 

        Məhəbbət sevməkdir, sevəsən gərək.

        Həyatın mənası yalnız ondadır.

        Heç kimi sevməyən, yaşamır demək.

        Yaşasa da sanki, cansız əşyadır!

 

-Vaqif Əsədov necə şagird olub?

 

-Hər bir sinfin daha güclüsü, daha yaxşı oxuyanı olurdu. Sinfin əlaçıları vardı: Minayə, Madər, Ramazan və s. Əlaçı olmamışam, amma dərslərimi oxuyurdum. Biologiyada bitkilərlə olan hissə mənə xoş gəlmirdi. Düşünürdüm ki, bitkilərdənsə, rəssamlığın sirlərini öyrənərəm. Dərslərimi normal oxumuşam. Dəcəl olmuşam. Demək olar, hər sahəyə meylli olmuşam. Qarmon ifa edirdim. İndi də özüm üçün hərdən pianoda akkord tuturam. İdmanla məşğul olurdum. Tennis, şahmat, futbol, voleybola da marağım çox olub. Voleybol üzrə Azərbaycan birinciliyində iştirak etmişəm. Tennisdə Naxçıvan Muxtar respublikası üzrə yer tutmuşam. Amma ən çox rəsmi sevirdim. İndi də vaxt tapıb hərdən çəkirəm. Miri adında qonşum vardı. Məndən yaşca çox böyük idi. İndi də hörmətli yerdə işləyir. Hörmətli generalın köməkçisidir. Məndə rəssamlığa həvəsi o yaratdı. Mürəkkəblə ağ vərəqin üstünə müxtəlif şəkillər çəkərdi. İkinci sinifdə marağım artdı, həvəsləndim, üçüncü sinifdə özüm də çəkməyə başladım. Anam mənim bu bacarığımı gördü, apardı məni müəllim yanına. İlk müəllimim Şəmil Əliyev olub.

 

Sonralar məşhur rəssam Şəmil Mustafayevdən dərs alıb.  

 

- Çalışıram uşaqlarım bu sənəti davam etdirsin. Balaca qızım həvəskardı. Mədəniyyət və İncəsənət Gimnaziyasında rəssamlıq ixtisası üzrə oxuyur.

 

-Dərsdən qaçmısınız?

 

-“Dərsdən qaçmısız” deyəndə kollektiv qaçmışıq. Söz qoyurduq, dərsə girmirdik. “Pionerlər evi” deyilən yer vardı. Ora gedirdik. Bir də kinoteatra. Hind filmlərinə baxmağa. O dövrün ağlamalı, gülməli və sevməli filmləri hind filmləri idi. O qədər baxmışdıq ki, əzbər bilirdik. Sözlərin mənasını bilməsək ki, filmlərdəki mahnıları oxuyurduq. “Sanqam”, “Cənab 420”, “Toz içində çiçək”, “Daş və çiçək”, “Kəşmirdə məhəbbət”, “Ram və Şam” və s. Sonradan müəllimlər də bizi elə cəzalandırırdı ki, peşman olurduq.

 

- Necə cəzalandırırdı?

 

-Məsələn, müəllim sinfə girən kimi deyirdi, siz bu gün dərsdən azadsınız, sinifdən çıxın!  Bu bizə ölümə bərabər idi. Evdə də deyə bilmirdik ki, bu gün rus dili dərsində iştirak etməmişik. İkinci bir cəzanı evdə valideyn verərdi.

 

Doqquzuncu sinifdən sonra məktəbini dəyişir. Təhsilinə Məhəmməd Füzuli adına Ordubad internat tipli məktəbdə davam edir.

 

-O vaxt ali məktəbə qəbul imtahanlarında internat məktəbinin məzunlarına imtiyaz verirdilər. İnternat məktəbi attestatı olanlar iki konkurssuz qəbul edilərdi.

 

Və başlayır həmin məktəbdə ona dərs demiş müəllimləri sadalamağa.

 

-Şiriyev Şiri, Mehdi Ağalarov, Qurban Tağızadə, Tamara Seyidova, Şəhrud Behbudov, Səyyad Şəfiyev, Mircəfər Miraatayev və s.

 

Son söz

 

-Ümumiyyətlə, rəssamlıq mənə çox uğur gətirib. İstər orta məktəb, istərsə ali məktəbdə, istərsə də əmək fəaliyyətimdə. Universitetimizin yubileyi üçün rəsmlər çəkirdim deyə təxminən bir ay dərslərimə hazırlaşa bilmədim və fizika imtahanından kəsildim. Təkrar imtahana girmək üçün rektor göndərişi verməliydi. O dövrdə ali orta ixtisas təhsili naziri vardı. Əliyev Qurban Qasanoviç. Nazirlik indiki hökumət evinin binasında yerləşirdi. Dörd günün içində Qurban müəllimin portretini yaratdım. 70x90 sm. ölçüsündə. Portreti qoltuğuma vurub qapıdakı polisə göstərdim. O da dərhal yuxarı məruzə elədi. Məni yuxarı çağırdılar. Nazirlə görüşüb portreti verdim. Onun da xoşuna gəldi. Nazirdən kömək istədim. Ona problemimdən danışdım, o da mənə kömək elədi. Əsgərlikdə həyətdə körpə uşaq gördüm. Əlinə oyuncaq verib rəsmini çəkdim. Portretini verdim, apardı evlərinə. Sən demə, bizim komandir uşağın babası imiş. Çağırdı məni yanına ki, sən rəssamsan. Sənə nə kömək edim? Dedim, polis olmaq istəyirəm. Məni göndər oxumağa. Həmin komandir məni Leninqraddan Moskvaya serjant məktəbində oxumağa göndərdi. Elə orda da dedilər, sən rəssamlığını elə, biz sənə rütbə verəcəyik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5895
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar