Nəzarət altında saxlanan gələcəyin xalq artisti: “Müəllimə sual verdim, ağladı” - SÖHBƏT
30 may 2013 18:39 (UTC +04:00)

Nəzarət altında saxlanan gələcəyin xalq artisti: “Müəllimə sual verdim, ağladı” - SÖHBƏT

Gah Paşa Paşayeviç olub evləri səhv saldı, gah Hüseynağbacı olub yemək bişirdi, gah da Afəti Cənnət xalaya calayan İlqar.  “Məktəb illəri” layihəsinin növbəti qonağı xalq artisti İlham Namiq Kamaldı.  “İlham miniatür teatr”ının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Estrada sənəti” kafedrasının müdiri.

“Məktəb illəri”ni bu dəfə Lent.az-a İlham Namiq Kamal danışacaq.

 

- Şamaxının “Sarıtorpaq” məhəlləsindənəm, təmiz şamaxılıyam. O vaxt babam zəlzələdən sonra Bakıya köçüb. Bakıda əlacsız məskunlaşanlardanıq. Bu  gün də Şamaxıda evim var. Ürəyim tullanır ki, uşaqları da götürüm tez-tez gedim ora. Kənd ab-havası başqadı. Hərəmiz bir yerdən gəlmişik. Bakı hamı üçün ümumi, doğma ev olub. O dövrlərdə Bakıya gələnlər özünü Bakıya uyğunlaşdırardı, amma indi gələnlər Bakını özlərinə uyğunlaşdırmağa çalışırlar. Bu pis cəhətdi.

 

“Birinci sinifdə mənə maşın bağışladılar”

 

 

- 1956-cı ildə 31 saylı orta məktəbin birinci sinfinə getmişəm. Hamımız əllərimizdə gül-çiçək məktəbin həyətinə toplanmışdıq. Yaxşı yadıma gəlir, bizdən qabaq məktəbi bitirənlər bizə hədiyyə, biz isə onlara əlimizdəki gülləri verdik. Hərəyə bir oyuncaq, mənə isə balaca maşın bağışladılar. Əvvəldən evdə təbliğat aparılmışdı deyə məktəb mənə yad gəlmədi. Uşaq vaxtı bağçaya getməmişəm, amma indi məsləhətdirsə, gedə bilərəm(gülür). İlk müəlliməm rəhmətlik Sitarə müəllimə olub. Azərbaycanda belə bir deyim var ey, ana simalı qadınıydı. Onun simasına baxanda doğrudan da ağbirçəklik vardı. Öz balası kimi bizə baxırdı. İndi uşaqlara canı-dildən dərs deyən müəllimlər azdı. O vaxtın müəllimləri bizim üçün canlarını qoyurdular. Uşaq başa düşməyəndə min cür yolla ona anladır, başa salmağa çalışırdılar. Ona görə də o vaxtlar əlavə dərslərə ehtiyac qalmazdı. Amma indi belə deyil. Mən özüm məktəbi yaxşı oxumuşam. Ən sevdiyim fənlər tarix və ədəbiyyat olub. Bilirsiniz, ümumiyyətlə yaradıcı insanların bilavasitə ədəbiyyat, tarix, nəğmə, rəsm dərslərinə daha çox marağı olur.

 

 

Məktəb illəri mənim üçün nağıldı. O vaxt məktəbdə olan tərbiyəçi və müəllimlər də çox hissiyyatlı insanlardı. Mən deyərdim ki, teatra ilk məhəbbəti elə məktəb müəllimlərim aşılayıb. O vaxt hər həftə, hər on gündən bir bizi Gənc Tamaşaçılar Teatrına tamaşalara baxmağa aparardılar. Müəllim də siniflə birgə gedirdi. Və o nağıllar aləmi istər-istəməz adamın beynində canlanır və maraq yaranır. Div çıxdı, div necə gəldi, divə qarşı necə mübarizə aparılır, Məlikməmməd barmağını kəsib yarasına duz basır...yəni canlı teatr tamaşası əlbəttə ki, insanların istər anlayışına, istərsə də psixologiyasına təsir edir, iz buraxır. Sənin yaşın nə qədər də artsa o uşaqlıq təssüratı yaddan çıxmır. Yəqin ki, teatra marağım elə bu ecazkar nağıllar aləmindən başlayıb.

 

“Aktyorluğa məktəb illərindən başlamışam”

 

- Mən  aktyorluğa məktəb illərindən başlamışam. O vaxt Oktyabr adına pionerlər evi vardı. Həvəskarı olduğum respublikanın əməkdar artisti Məmmədağa Dadaşovun dərnəyinə gedirdim. Məktəbdə oxuya-oxuya “26 Bakı komissarı” adına teatrda xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrına gedirdim. Sinif yoldaşlarım mənim tamaşalarıma baxmağa gəlirdilər. İlk rolum məktəbdə 4-5-ci sinifdə oxuyanda Yusif Əzimzadənin “Anacan” pyesində Rəcəb rolu olub. Sinif yoldaşım Məmməd Mədəniyyət sarayındakı tamaşama təzə pencəyini geyinmişdi. O istədi ki, səhnənin qabağında mənə gül versin, pencəyinin cib tərəfi səhnənin mismarını ilişib cırıldı. Onun təzə kostyumunun cırılmasına elə pis oldum ki...

 

“Bəsdi gəzdiz, gedin evə”

 

- Mən bitirən il elə oldu ki, yeni qərar çıxdı, məktəb 10 illik oldu, həm 11-ci siniflər, həm də 10-cu siniflər məzun oldular. Mən də bir il tez məzun oldum. Son zəngim sadə keçib. Bizim vaxtlar indiki kimi dəbdəbəli keçirilməzdi. Məktəbimizin aktiv zalında dairəvi masa ətrafında toplaşıb, qeyd etdik. Sonra sinif rəhbərimiz bizi bulvarda gəzdirdi. Orda da çox hay-küy olduğunu görüb, bizə dedi “bəsdi bu qədər gəzdiniz, gedin evinizə”. Direktorumuz Humay Həsənzadə idi. Çox ciddi qadın idi. Hətta yuxarı siniflərin qızlara diqqət cəlb edən, naxışlı corabları geyinməyə izin verməzdi. Məktəb illərinə qayıtmağı istəyirəm. Bunun üçün məktəbə çox təkliflər, müraciətlər etmişəm ki, qayıdım, amma mümkün olmayıb (gülür).

Ya altından yeddinci sinfə, ya da yeddidən səkkizinci sinfə keçəndə Əliheydər Qasımzadə adlı sinif rəhbərimiz vardı. Bir gün gördüm ki, Əliheydər müəllim şagirdlərin iş dəftərini masanın üstündə unudub. Mən də öz adımı tapıb, özüm üçün götürdüm. O dəftəri hələ evdə saxlayıram. O dəftərdə haqqımda belə yazılmışdı: “Dərslərində davamiyyətli, qiymətləri yaxşıdı. Şagird dostları arasında çox böyük hörməti var. Təşkilatçıdır”. Amma orda sonuncu cümlə qəribə idi. O cümləni bu gün də oxuyanda çox gülürəm: “Nəzarət altında saxlanılmalı şagirdlərdəndi”. Adətən cinayətkarlara aid edilən bu söz altıncı sinif şagirdi haqqında deyilmişdi (gülür).

 

Ədəbiyyat müəllimin ömrüm boyu yadımdan çıxmaz. Əliağa Heydərli bizi Gənc Tamaşaçılar Teatrına aparmışdı. “Pavlik Morozov” pyesinə. Əliağa müəllim bizdən daha öndə oturmuşdu, tamaşanı izləyirdik. Tamaşanın bir yerində Pavlik insanları çağırır ki, bəs taxılı zirzəmidə atam gizlədib. Atasını satır. Elə bu an Əliağa müəllim ayağa qalxıb: “Mənim balalarım, durun ayağa! Bura bizim yerimiz deyil. Bir baş məktəbə”. Avtobusa mindik, qayıtdıq məktəbə. Məktəbdə dedi ki, bilirsiniz nəyə görə dedim ki, durun ayağa? Əgər hər hansı bir uşaq atasını satarsa, onun sabahı olmaz. Təsəvvür edirsən, sovet dövründə belə söz demək? Bəlkə də başqa müəllim ömründə bunu edə bilməzdi. İndi də danışanda tüklərim biz-biz olur. Görün o necə ləyaqətli insan olub, nə qədər vətənini, balalarını sevib.

 

“Hər gecə bir kitab oxuyurdum”

 

- Mən sovetlər dövründə oxumuşam. Məktəbdə birinci oktyabryat, sonra pioner, indiki Türkiyə səfirliyinin yerində, “Pionerlər Bağı”nda komsomolçu oldum. O vaxt hər adamı komsomola keçirməzdilər ha. Kim dərslərini daha yaxşı oxuyurdu, daha çox hörmətli idi onu keçirərdilər. Bu bir növ adama daha yaxşı oxumağa stimul verirdi. Azad qadın heykəliylə üzbəüz kitabxana vardı. Bir gün anamla ora gedəndə kitabxanaçı qışqırdı ki,  “ay bacı, bu uşaq burdakı bütün kitabları oxuyub. Mən bilmirəm buna indi nə verim. Getsin özü seçsin”. Hər gecə bir kitab oxuyardım. Həvəs vardı. Nə qazanmışamsa, kitablara borcluyam. Mən indi tələbələrin kitab oxumadığını görəndə çox üzülürəm. Kitab insanı saflaşdırır. Kitab insanın içindəki yaxşılığı üzə çıxarır.

 

“Müəllimə sual verdim, başladı ağlamağa”

 

- Adını deməyəcəyəm, bir tarix müəlliməsi vardı bizim məktəbdə bir az işlədi , sonra çıxdı. Mən hər şeydən çox maraqlanan uşaq isim. Doqquzuncu sinifdə oxuyurduq, qalxdım müəllimə sual verdim: “Konfransla konqresin mənası nədi?” Müəllimə mənə “otur yerinə, mənə nə artıq suallar verirsən” deyib, başladı ağlamağa. Mən də maraqlanıb öyrənmişdim ki, konfrans sovet terminidi, konqres isə əcnəbi. Uşağam da özümü göstərmək istəyirdim deyə, müəllimə elə sual vermişdim. Sonra müəlliməm direktoru çağırtdırdı və mənim bir rüb əxlaqdan qiymətim “iki” oldu. Sonra sinif rəhbərim bu məsələyə qarışdı ki, bu yazıq uşaq neyləyib axı? Sadəcə sual verib da, nə hay-həşir salmısınız? Sualdı, bilmirsiniz deyin bilmirik.  Daha niyə uşağa iki verirsiniz? Sonra üçüncü rüb qiymətimi düzəltdilər. Vaxt keçəndən sonra anladım ki, müəllimə suala hazır olmadığı üçün hirsindən ağlayıb.

 

Bufetdə bulka, sosiska-çörək alanda növbədə qızlara yer verirdik. Mənim də bir qız xoşuma gəlirdi. Adı, adı... hə yadıma düşdü, adı Raidə idi. Qəşəng, səliqəli qız idi. Saçına həmişə ağ lent vurur, qəşəng önlük taxırdı.

 

Parta yoldaşım Abbasov Məmməd Əmir oğlu olub. Onunla bir həyətdə böyümüşük, uzun illərdi dostluq edirik. İndi də o mənim ən yaxın dostlarımdandı. Rostovda Ali Milis Akademiyasını bitirib. İndi təqaüdçüdü. Bir oğlu, bir qızı var. Hərəsindən də iki nəvəsi. Sonra mənim sinif yoldaşlarımdan Vahid Novruzov İqtisad Elmləri doktoru, professordu. Hal-hazırda Auditor palatasında işləyir. Mirzə Əliyev uzun illər Azərbaycanda Təhcizat komitəsinin birinci müavini işləyib. İndi Almaniyada yaşayır. Mirzəağa Almazov isə Rusiyada. Azərbaycana gələndə mütləq görüşürük. Tahir Hüseynov Bakıda yaşayır. Qızlarımızın hamısı həyat qurublar, nənədilər. Mən babayam, onlar nənə (gülür). Hər adama nəsib olmur belə münasibət. Biz dostlarımla vaxtaşırı, xeyir işlərdə tez-tez görürük. Vaxt olmasa ən azından zəngləşirik.

 

“İndi oğlan uşaqları qeybət edirlər”

 

- Bütün müəllimlərimi çox sevmişəm. Müəllimi necə sevməmək olar? Lap olsun ki, mənim qiymətimi aşağı yazıb. Deməli, onun nəzərində mən zəif oxumuşam. Bizim dövrdə kişi müəllimləri də çox idi. Oğlanlar üçün çox vacib amillərdən biriydi ki, sənin qarşında kişi müəllimi olsun. Kişi müəllimi oğlanlar üçün bir kişi nümunəsiydi. Buna ən kamil nümunə Əliağa Heydərli. Amma indi gedin məktəblərə baxın, 99 faiz qadınlardı. Artıq oğlan uşaqların çoxu xasiyyətlərində qadınlaşıb. Oğlan uşaqları qeybət edirlər, qızım. Bu nədən yaranır? Mənim qadınlara böyük hörmətim var, amma bir oğlanın qarşında qadın müəlliməsi kimi kişi müəllim də olmalıdı. Ana varsa, ata da olmalıdı. Mən bunun səbəbini də araşdırdım, öyrəndim ki, kişilər bu maaşa məktəblərdə işləmək istəmirlər. Qadına baxma, kişilər ailə saxlamalıdı. Mənə elə gəlir ki, qadın kişi müəllimlərin sayı proporsional olmalıdı, əllinin əlliyə. Biz belə görmüşük, amma indi belə deyil. Balalarımız, nəvələrimiz məktəbdə oxuyur. Məktəbin müdiri də qadındı, süpürgəçisi də qadındı, müəllimi də. Qızım, sizin hələ bizim əsas bəladan xəbəriniz yoxdu. İncəsənətə test lazımdımı? Bizdə qabiliyyəti imtahanına görə, hər kursa 8-10 nəfər olmaqla uzaq başı 50-60 tələbə qəbul olunur. Sonra bu qabiliyyətli uşaqlar gedib testdən kəsilirlər. Biz burda seçim edib, yaxşı görkəmi, yaxşı səsi olan qabiliyyətliləri seçirik. Onlar da gedib, testdən kəsilir. Axırda biz də məcbur qalıb qabiliyyəti olmayan, ancaq testdən keçənlərin arasından tələbə seçirik ki, qiymət verək bunlar oxusun. Bu dəhşətli bəladı. İşləmək mümkün deyil. Səsi, qabiliyyəti varsa, biz burda ədəbiyyat da, ekologiya da, tarix də öyrədərik. 4-5 il ərzində öyrənə bilməyəcək?! Öyrənəcək. Bəs mən səsi hardan alım? Onun görkəmini hardan alım? Boydan balaca əmilər, xalalar gəlirlər. Bizə isə görkəm lazımdı. Bura liliputlar teatrıdı? Başqa seçimimiz də yoxdu, məcburən onları qəbul edirik. Neyləyək? Universitet də işləməlidi də. Bəlkə bağlayaq, işləməyək heç? Belə bir fikir var, kənd yerlərində uşaq kitabxanalarıyla, mədəniyyət saraylarını ləğv eləsinlər. Bu nə deməkdi? Bax, bu dəqiqə, bu proses hər yerdə gedir. Bu, sabah Azərbaycanda mədəniyyətin məhvi deməkdi. Deməli, sabah kənddə insanlar ancaq qoyun otarmalı, inəklərə baxmalıdı? Olmaz axı. Birinin balası istəyir orda şer desin, biri tikiş öyrənsin, biri şəkil çəkmək istəyir. Biz belə təkliflərlə Azərbaycanın yaradıcı gəncliyinin üstündən belə xətt çəkirik ki, bizdə mədəniyyət olmasın. Bu çox dəhşətli məqamlardı. Bir kafedra müdiri kimi, bir təhsil adamı kimi bu məni həddindən artıq narahat edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5761
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar