“Məni apardı Banişevskinin yanına ki...” –<span style="color:red;"> MƏKTƏB İLLƏRİ
10 fevral 2016 16:43 (UTC +04:00)

“Məni apardı Banişevskinin yanına ki...” – MƏKTƏB İLLƏRİ

Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, “Space” kanalında yayımlanan “İnam” verilişinin layihə rəhbəri və aparıcısı Seyid Camal Əzimbəylidir.

 

 

Məktəbə 1978-ci ildə Ağcabədi şəhər 4 saylı orta məktəbə gedib. İlk dərs gününü belə xatırlayır.

 

 

- Rəhmətlik atam, Qarabağ camaatının and yeri olan Seyid Bəhram ağa məktəbə gətirdi məni. Sinfimizdə 29 uşaq vardı. 28 uşağı bağrına basıb, onlara hədiyyə, xeyir-dua verdi. Sonra isə mənə baxıb soruşdu, sən bilirsənmi kimsən? Dedim, bilirəm. O gündən bu günə qədər kimliyim həmişə məni narahat etdiyi qədər də yoluma bir işıq salır. Sinif müəlliməm rəhmətlik Qönçə xanım fenomen olub. O dövrdən bu günə qədər milli şüura, milli məfkurəyə sahiblənməyimdə ona borcluyam. Mənə “balaca seyid” deyərdi. Təkəbbürdən deyil, amma onun mənə “balaca seyid” deməsindən bir az inciyirdim. Deyirdim, mən böyüyüb böyük seyid olacağam! (gülür).

 

 

 

Məktəb illərindən aktiv şagird olduğunu deyir.

 

 

- Rayonun “Sürət” qəzeti vardı. 8-9 yaşlarımdan ora yazılar yazırdım. İmzam isə Camal idi. Nigar müəllimə məsləhət gördü ki, adımın önünə “seyid” sözünü də əlavə edim. Məktəbin divar qəzetinin redaktoru idim. Yeddinci sinifdə oxuyanda öyrəndim ki, sinif yoldaşımızın nənəsi xəstələnib. Uşaqları yığıb 5 kilometr yolu piyada xəstəxanaya getdik. Səhəri gün sinif rəhbərimiz Nigar müəllimə məni danladı. Dedi, gözəl ənənədi, amma adam evin sahibinə də deyər. Məktəb illəri mənim üçün bir sevda çağı idi. Gəldi-getdi deyil, bu gün də onu yaşayıram. İşimlə bağlı sinif yoldaşlarımla daim əlaqə saxlamasam belə. Çoxu rayonda yaşayır. Bu yaxınlarda Aqili gördüm. Yanında 2-3 yaşlarında qız uşağı vardı. Soruşdum, kimdi? Dedi, nəvəmdi. Duyğulandım və yaşlandığımızı anladım.

 

 

 

Məktəb illərindən xoş xatirələri olsa da, incidiyi anlar da olub.

 

 

 

- Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinə hazırlaşırdım. Tarixi necə oxuduğumu rayonda hər kəs bilirdi. 8 Martda tarix müəllimimə hədiyyə verməmişdim. Attestat imtahanımda həmin müəllimə mənə tarixdən “4” yazdı. 4 il BDU-nun Şərqşünaslıq fakültəsindən kəsilmişəm. Çünki mənim ixtisasıma 3 yer vardı. Orada nazir, zəngin uşaqlar girirdi. Rüşvətin tüğyan elədiyi sovetlər dövründə mən o fakültəyə öz biliyimlə qəbul oldum. Tarix fənnindən attestatıma “4” yazdılar, amma mən dövlət imtahanından “əla” qiymət aldım. O dövrdə də vicdanlı müəllimlər vardı. Onları rəhmətlə anıram. Qulağım eşidə-eşidə müəllim dedi ki, onsuz da kəsəcəklər, amma biz onun haqqını verək. Sonra həmin müəllimimlə yolda qarşılaşdıq. Müəlliməm məndən halallıq istədi. Bu, mənim üçün çox ağrılı idi. Təbii ki, mən haqqımı ona halal etmişdim. Əyilib əlindən öpdüm. Ona qarşı kin və nifrətimin olmadığının göstəricisi olaraq.

 

“Kapitan olmuşam”

 

 

- Məktəbin futbol komandasının kapitanı olmuşam. Hücumçu idim. 11 nömrə. İlk arzum futbolçu olmaq olub idi. Rəhmətlik atam əngəl olub. İstəmirdi. İdman idarəsi tərəfindən birinci dərəcəli futbolçu seçilmişdim. Professional oynayırdım. Əgər futbolçu olsaydım, indiki Seyid Camal qədər tanınardım. Bəlkə də daha çox. Anatoli Banişevski “Kür” komandasındaydı. Teyyub müəllim məni apardı Banişevskinin yanına ki, məni “Kür”ün  yeniyetmələrdən ibarət komandasına götürsün. O da götürəcəyinə söz verdi və 2 gün sonra kluba gəlməyimi tapşırdı. Atam biləndə dedi, ora gedəcəksənsə, evə gəlmə! Bu yaşımda da yuxularımda yaşıl səhrada futbol oynadığımı görürəm.

 

 

 

 

Məktəb illərinin ən yadda qalan xatirəsini danışır.

 

 

 

- Məktəbdə kiminsə uşağı nə etsə, müəllimin nəzəri mənim üzərimdə çox olub. “Filan şeyi etmək sənə yaraşmaz, sən Bəhram ağanın oğlusan” deyilərdi. Bir az da nadinc olmuşam. Öz haqq və hürriyyətimi qoruyan olmuşam. Ədalətsizliyə yox demişəm. Onuncu sinifdə oxuyurduq. Gürcüstandan bizə yeni müəllim gəlmişdi. Bədən tərbiyə dərsinə. Həmin müəllimin sinfimizdən biz qıza baxmağı məni qane etmədi. Qısqandım ki, mənim bacımdı. O dövrdə belə idi. Sinfinizdəki hər bir qız bizim bacımızıydı. Hətta öz sinfindəki qızı sevmək mənim düşüncəmlə günahıydı. Dərs bitənə yaxın sinfin 6-7 radikal oğlanı yığılıb Təvəkkül müəllimə “o qıza niyə elə baxır” sualı verdik. O da “yaxşı edirəm” deyincə,...

 

 

- Döydüz?

 

 

- Orasını deyə bilmərəm (gülür). Sabahı gün atamı məktəbə çağırdılar. Valideyn iclası keçirildi. Atam uşaqların içində mənə bir sillə vurdu. Evə gəldikdə isə dedi, sən doğru etmisən. Çünki mən ona gerçəyi danışdım. Dedi, gərək böyüklərə deyərdiniz!

 

 

 

- Belə çıxır ki, məktəb illərində sevgi-məhəbbət olmayıb?

 

 

- Mən  Şuşada, Turşsuda, Laçında, Böyük Seyidlərdə, Alxaslıda, Ağdamda, Qarabağda daşı sevmişəm. Allah şahiddir, otu sevmişəm. Bəzən bir güllə-çiçəklə danışmışam. Sevgi Allaha gedən yolun başlanğıcında bir müsafirlikdi. Düşünürəm ki, məktəb illərindəki sevgi olmayıb, ötəri bir hiss olub.

 

 

 

- Dərsdən qaçmısınız?

 

 

- Çox. Hind kinolarını sevməmişəm. O filmlərin fantaziyadan ibarət olduğunu düşünürdüm, oradakı sevgilər real gəlmirdi. Dərsdən futbol üçün qaçmışam. Əsas da riyaziyyat, kimya dərslərindən. Tarix, ədəbiyyat, coğrafiya dərslərindən heç qaçmamışam.

 

 

Parta yoldaşı əmisi qızı Rahilə həm də onun xilaskarı olub.

 

 

- On il onunla bir partanı bölüşdük. Bir dəfə də olsun, məni satmadı. Həmzə müəllim vardı. Rus dili keçirdi. Bir kərə dərsini yaxşı bilməmişdim. Rahiləyə dedi, Seyid Bəhram ağaya deyərsən  Camal dərsə hazırlıqsız gəlmişdi.  Evə qayıdanda qar yağırdı. Qürurumdan soruşmadım ki, Rahilə, atama deyəcəksən, ya yox? Atamgil 3 qardaş bir həyətdə olurdular. Babam rəhmətə getmişdi, atam evin böyüyü idi deyə, Rahilə atama “baba” deyirdi. Qapıya çatanda Rahilə dayanıb üzümə baxdı: “Əmioğlu, mən səni çox istəyirəm! Adam bir dəfə də dərsi bilməz, nolar?! Narahat olma, deməyəcəm. Amma xahiş edirəm, növbəti dərsə hazırlıqlı gələrsən”. Növbəti dəfə də mən rus dilini yaxşı oxumadım. Müəllim Rahiləni göndərdi ki, ağa zəhmət çəkib gəlməsin, amma sən get de. Və həmin günü də Rahilə atama demədi. Axırda əmimi məktəbə çağırdılar (gülür).

 

 

 

Orta məktəb illərində 7 min kitab oxuyub.

 

 

- Kitab oxumağı çox sevərdim. Elə kitablar vardı, böyük bacım icazə verməzdi ki, yaşıma uyun deyil. Onları gecələr oxuyurdum. Formalaşmağımda tək imanın deyil, kitabların da böyük rolu olub. 7 min kitabım vardı. Atamın verdiyi xərclikləri yığıb kitab alırdım. Rayonda gedəndə hər dəfə 8-9 kitab alırdım. Ağdama, Şuşaya istirahətə gedəndə, kitabla qayıdırdım. Həmin kitabları 4 minini məktəbimizin kitabxanasına hədiyyə etdim. İndi çox təəssüflənirəm, səhv edib vermişəm. 2006-da axırıncı dəfə məktəbə gedəndə o kitabları görmədim. O qədər üzüldüm ki, ağladım.

 

 

 

Məktəb illəri tez-tez yuxularına girir.

 

- Rəhmətlik Nigar müəlliməni görürəm. Dil-ədəbiyyat dərsi deyirdi. Sonra rəhmətlik Qənimət müəllim. Tarix müəllimim. Milli azadlıq hərəkatında fəal olmuş adamlardandı. Yuxuda futbol oynadığımı görürəm. Məktəb illərim yadıma düşəndə çox kövrəlirəm. Nə qədər ağrılı, acılı olsa da, illəri xatırlayıram. O illər yadımdan heç vaxt çıxmayacaq. Axirətə qədər...

 

P.S. Lent.az kollektivi Seyid Camalı ad günü münasibətilə təbrik edir, şəxsi və peşə həyatında uğurlar arzulayır!

# 5292
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar