<b> “Dünyanın üç qitəsində Azərbaycan bayrağını qaldırmışam” </b>-  <span style="color:red;">MƏKTƏB İLLƏRİ
01 iyul 2015 16:12 (UTC +04:00)

“Dünyanın üç qitəsində Azərbaycan bayrağını qaldırmışam” - MƏKTƏB İLLƏRİ

Onun geniş təqdimata ehtiyacı yoxdur. Adını demək kifayətdir ki, onu tanıyaq. Xüsusən də Bakıda keçirilən I Avropa Oyunlarında sonra, Zəkiyev soyadı milyonlarla insana əziz oldu. Müsahibimiz 5 dəfə Avropa, dünya, dəfələrlə olimpiyada çempionu olmuş, I Avropa Oyunlarının 21 qızıl medalçısından biri, paralimpiaçı cüdoçumuz İlham Zəkiyevdir.

 

İlham 1980-ci il martın 3-də Sumqayıtda dünyaya gəlib. Özündən böyük 3 qardaşı və balaca bacısı var. 1987-ci ildə doğulduğu şəhərin 5 saylı orta məktəbinə gedib. Rus bölməsinə.

 

- İlk müəlliməm Nailə müəllimə olub. Mehriban və çox kövrək insan idi. O gündən çox vaxt keçdiyindən ilk dərs günüm yadıma gəlmir.

 

- Həyatınızda xüsusi iz qoymuş müəllim var?

 

- Müəllimlər var bu günə qədər onlara minnətdaram. Azərbaycan dili müəlliməmiz vardı. Səltənət müəllimə. Harada onu görsək, hörmətlə görüşürük. Sonra rus dili müəlliməsi Sevinc müəllimə vardı. Cavan müəllimə idi. Bizdən 4 yaş böyük idi. Bütün sinif onun xətrini çox istəyirdi. Mən yaralananda hospitala yanıma birinci o gəlmişdi.

 

- Məktəb illərində ən sevdiyiniz fənn? Və ya...

 

- Rus dili, ədəbiyyat, tarix, riyaziyyat və coğrafiyanı sevirdim. Kimyayla biologiyanı heç xoşlamazdım. Dərsə görə yox, müəllimədən zəhləm gedirdi. Çox kobud, acıdil müəllimə idi. Heç kəsi bəyənmirdi. Qızı da bizim sinifdə oxuyurdu. Ancaq öz qızını tərifləyirdi.  Müəllimdən çox şey asılıdır. Müəllimə görə şagird həmin fənnə də nifrət də edə bilər, sevə də.

 

- Gözləyirdim ki, sevdiyin fənlər arasında birinci idmanı deyəcəksiniz.

 

 

- Yox. Məşqə gedirdim deyə, məktəbdə idman dərsinə xüsusi bir məhəbbətim olmayıb.

 

- Dərsdən qaçmısınız?

 

- Tək yox, siniflə. Axırıncı dərsə baxırdıq. Hava da yaxşıdırsa, qaçıb parka gedirdik. Dərsdən kollektiv qaçdığımız üçün xüsusi bir cəza almırdıq. Hamımızı yığıb ümumi danlayırdılar, vəssalam.

 

İlham Zəkiyev idmanla hələ 4-cü sinifdən məşğul olmağa başlayıb. Özündən 3 yaş böyük qardaşı Fikrət də güləşçi olub.

 

 

- Fiziki göstəricilərimə görə yaşıdlarımdan çox fərqlənsəm də, qolumun gücündən istifadə edib dava salan olmamışam. Sakit təbiətli idim. Dəymə mənə, dəyməyim sənə. Həm idmanla məşğul olduğunu bilən yaşıdlarım da mənimlə hər hansı bir mübahisədən yayınırdılar. Qorxurdular, çəkinirdilər. Üç-dörd il güləşlə məşğul oldum. Sonra məşqçimiz xaricə köçdü. On beş yaşımdan sonra samboyla məşğul olmağa başladım. Nəticələr də xırda-xırda gəlməyə başladı.

 

Dəfələrlə şəhər çempionu, respublika mükafatçısı olub. Ardınca isə silsilə qələbələr gəlib.

 

 

- Məktəbi sevirdiniz?

 

- Aşağı siniflərdə elə də yox. Fikirləşirsən ki, məktəbi nə vaxt bitirəcəm?! Amma illər keçdikcə, dostlarından ayrılmaq istəmirsən.

 

 -Son zənginizi xatırlayırsınız?

 

- Bərk yağış yağırdı. Bütün on birincilər məktəbin zalında toplaşmışdıq. Sonra məktəbdən xahiş elədik, bizim sinif, bir də bizdən bir sinif aşağı bir siniflə birgə ayrıca kabinetdə əyləndik, rəqs elədik. Sonra qızlar başladı ağlamağa. Oğlanlar da başda mən olmaqla başladıq gülməyə. Bizə qəribə gəlirdi qızların ağlamağı.

 

 

- Məktəb illərinə qayıtmaq istəyərsiniz?

 

- Mümkün olmayan şeyləri mən heç vaxt arzulamıram. Həyatımdan razıyam. Şükür Allahın məsləhətinə. Elə məktəb vaxtında hörmətli olmuşam. Necə deyərlər, sinfin ağsaqqalı olmuşam. Müəllimlərdən, direktordan nəsə xahiş etmək lazım olanda uşaqlar məni qabağa verirdilər. Rəhmətlik direktorumuz da heç vaxt mənim sözümü yerə salmazdı.

 

Ardınca, məktəb illərinə aid bir xatirəsini danışır.

 

- Məktəbdə hansısa bayramı qeyd edirdik. Qəfil işıqlar söndü. Rəqs eləyə bilmirdik. Dedik gəlin göz bağlama oynayaq. Növbə mənə çatanda məktəbin “zavuç”u girdi içəri. Tutdum ondan. Bunu tanısam da özümü bilməməzliyə qoydum. O da səsini çıxartmadı. Buna bir yaxşı sillə vurdum. Bütün sinfin ürəyincə oldu.

 

 

- Cəzalandırmadılar sizi?

 

- Yox. Yuxarı sinif idik. İdmanda da bir neçə nəticə əldə etmişdik. Qolumuzun gücünə də bələd idi deyə, səsini çıxartmadı.

 

Emil Baxşıyev İlham Zəkiyevin məktəbdən ən yaxın dostudur. Ta birinci sinifdən günü bu günə qədər dostdurlar. Bu gün onu bütün tədbirlərdə Zəkiyevin yanında görə bilərsiniz.

 

 

- Emil qonşu məhəllədə qalırdı. Bir sinifdə oxuyurduq. Hətta bir partada da əyləşirdik. Lakin bir yerdə olanda çox səs-küy salırdıq deyə müəllimlər adətən bizi ayrı-ayrı oturdurdular. Ona görə də çox vaxt ön partada tək otururdum. Daha bir maraqlı hadisə danışım. Bakıda metronu partlaşmışdılar. Sinfimizdə bir oğlan vardı, daim dərsə gecikirdi. Tarix müəllimimiz Sevda müəllimə vardı. Jurnalı açıb, uşaqların davamiyyətini yoxlamağa başladı. Rövşən Cavadovun adını çəkincə, ayağa qalxdım ki, təəccüblə: bəs müəllimə, xəbəriniz yoxdu? Dedi, yox. Dedim, Rövşən dünənki partlayışda ölüb. Emil də məni yarım sözümdən anlayırdı. Söhbəti tutub, mənim dediyimi təsdiqlədi. Az qalmışdı ki, müəllimə dəsmal çıxarıb ağlasın, sinfin qapısı döyüldü: Müəllimə olar gəlim? Rövşən yenə gecikmişdi.

 

- Qiymətləriniz necəydi?

 

- “Dörd-beş”. Yalnız biologiya və kimyadan “üç” alırdım. Coğrafiyadan olimpiyadadan yaxşı nəticələr əldə etmişdim. Məktəb biliklərim bu gün də mənə kömək eləyir. Yarışlara görə ölkələr gəzirəm. Coğrafiyanı o vaxt oxumuşam deyə gedəcəyim ölkə haqqında əvvəlcədən təsəvvürüm olur. İndiyə qədər dünyanın üç qitəsində Azərbaycan bayrağını qaldırıb, himnini səsləndirmişəm. Bir Afrikada olmamışam, bir də Avstraliyada. Antarktida da yaşayış yoxdu. Hər qələbəmdən sonra müəllimlərim, sinif yoldaşlarım zəng vurub təbrik edirlər. Bir sinif yoldaşım var, Rusiyada yaşayır. Bu yaxınlarda sosial şəbəkələrin birindən məni tapıb. Mənə dedi ki, səninlə fəxr edirəm!

 

Yazımı qəhrəmanımızın arzuları ilə bitirirəm.

 

 

- Arzular çoxdur. Onlardan biri odur ki, bir əlil kimi şəfamı tapım. Azərbaycan paralimpia yox, olimpiya oyunlarında təmsil eləmək, bayrağımızı qaldırmaq istəyirəm. Avropa Oyunlarında stadiondakı məşəli mən də olmasam, hər hansı bir azərbaycanlı Qarabağımızda alovlandırsın!

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6495
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar