<b>Dilarə Səlim: “Onuncu sinifdə dedilər ki, o oğlanın səndən xoşu gəlir...” – <span style="color:red;">MƏKTƏB İLLƏRİ </b>
29 avqust 2015 12:33 (UTC +04:00)

Dilarə Səlim: “Onuncu sinifdə dedilər ki, o oğlanın səndən xoşu gəlir...” – MƏKTƏB İLLƏRİ

Uşaqlığım onu izləməklə keçib. Daim efirdən görsəm də, bu gün ilk dəfə yanaşı əyləşmişik. Həsəd dolu baxışlarımı üzünə zilləmişəm. Demək olar ki, illər ondan heç nə çala bilməyib. Elə gözəldir ki... zərafətli, nəcib, gülərüz.

 

Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı AzTV-nin 25 illik diktoru Dilarə Səlimdir.

 

Desəm ki, məktəbə harda başlayıb, yəqin sizin üçün təəccüblü olacaq.

 

- Atam mühəndis-inşaatçı idi. Söhbət 1973-74-cü illərdən gedir. O dövrdə sovet mühəndisləri, inşaatçıları yeni-yeni inkişaf edən qardaşlaşmış ölkələrə göndərilirdi. Atam da təyinatla Monqolustana göndərilmişdi. Üç yaşım olardı. Monqollar “yurd” dedikləri komalarda yaşayırdılar. Atam evlər tikirdi. Mən o yurdlarda olmuşam. Amma biz konsulluğun şəhərciyində qalırdıq. Mən və məndən kiçik qardaşım konsulluğun nəzdində olan bağçaya, sonra da məktəbə getmişik. Amma monqollar özləri yurdlarda yaşayırdılar. Birinci sinfə orda getdim. Rusca təhsil alırdım.

 

1977-ci ildə atasının 5 illik müqaviləsinin vaxtı bitir və  onlar vətənə dönürlər. Burada o, ikinci sinfə hazırkı Nəsimi rayonundakı 151 saylı orta məktəbə gedir.

 

- Sinif müəllimim Valentina Stepanovna idi. Yaşlı rus qadınıydı. Dayə kimi idi. Uşaqların hər birini qayğı və nəvazişlə yaxınlaşardı. Sinifdə 40 uşaq idi, cəmi beşi azərbaycanlı.

 

İndinin özündə də ünsiyyət saxlamağa çalışıram. Birinci sinif rəfiqəmlə günü bu günə qədər əlaqəm var. Təranəylə ailəlikcə dostluq edirik. Məşhur şahmatçı Hari Kasparovla eyni məktəbdə oxumuşuq. O, bizdən yaşca böyük idi. O vaxtdan artıq tanınırdı, qələbələri vardı. Çox böyük həsədlə ona baxardıq.

 

- Bakıya qayıdandan sonra adaptasiya çətin olmadı?

 

- Oldu. Monqolustana gedəndə üç yaşım vardı. Mühiti dəyişmək çox çətin oldu. Çünki orada tamam başqa mühitdə idim, Bakıda tamam ayrı. Monqolustan çox soyuq ölkədir. Qışda qırx dərəcə şaxta olurdu. Məktəbdə idman dərsində bizim idmanımız buzda konki sürmək, xokkey, fiqurlu konki idi. Oğlanlar xokkey sürürdü, qızlar fiqurlu konki ilə məşğul olurdu. Ətrafımızdakıların əksəriyyəti çinlilər və monqollar idi. Bakıda isə hər şey başqa idi. Cəmiyyət də, mühit də, hava da. Adaptasiya olmaq çətin oldu. Bəlkə də valideynlərimə məndən də çətin olub. O dərəcədə də faciəvi deyildi.

 

- Çinlilərlə hansı dildə danışırdınız?

 

- Onlar rusca bilirdilər. Hətta bizim məktəbdə rusca oxuyan çinlilər də vardı. Ziyalı ailələrindən olan uşaqlar idi.

 

- Bizdə key adamlara “monqol” deyirlər. Bu həqiqətən belədi?

 

-(Gülür). Bu sözü məndə hər dəfə eşidəndə təəccüblənirəm.

 

Monqollar bir az ləngdirlər. Onlarda tələskənlik yoxdu. Təmkinlidirlər. Bizim kimi emosional deyillər. Əllə-ayaqla danışmırlar. Monqolların mili güləşləri vardı. Qəribə adı da vardı. Güləşə başlamazdan əvvəl güləşçilər yarım saat meydançanı dövr edirdilər. Biri digərinin ardınca əllərini quş kimi açaraq dövr edirdilər. Güləşəndə də yavaş-yavaş, çox asta-asta güləşirlər. Cəld deyillər. Yaponların sumo yarışları var, kilolu güləşçilər döyüşür. Bax o formada, elə kök bədənlə. Bəlkə bu baxımdan elə deyirlər. Gözəllik baxımından çox gözəl monqol qızlarına rast gəlmək olar. Görməyən adam mənim bu sözümə gülə bilər.

 

- Parta yoldaşınızı xatırlayırsınız?

 

- Hə. Lalə adında qızdı. Universiteti oxuyanda belə əlaqələrimiz vardı. Sonra qəfil qopduq. Eşitdim, bildim ki, ailə qurub, bir qızı var.

 

Rəqəmlərlə indi də arası yoxmuş...

 

- Rəqəmlərlə barışa bilmirəm. İstənilən rəqəmi tərsinə oxuya bilərəm. Bəzən efirdə rəqəm olanda daxilən çox gərgin oluram. Məsələn, 365-i 563 oxuyacam deyə, nigaran qalıram. Şükür, hələ ki, efirdə belə bir problemim olmayıb. Efirdə məsuliyyət olur. Yəqin məsuliyyət də adamı səhv etməkdən yayındırır. Telefon nömrələrini yazanda çox səhv edirəm, 76 əvəzinə, 67 yazıram. Sonra da zəng edəndə səhv düşürəm.

 

- O zaman riyaziyyatı da sevməzsiniz.

 

- Riyaziyyat deməyək. Konkret həndəsədən zəhləm gedirdi.

 

O da həmyaşıdları kimi dərsdən qaçıb. Səbəb maraqlıdır.  

 

- Kinoya görə dərsdən qaçmamışam. Səkkizdə oxuyanda bizə təzə müəllim vermişdilər. Kimya müəlliməsi. Qeyri-millətdən idi. Rus dilini normal bilmirdi. Aksentlə danışırdı və dərsi normal izah eləmirdi. Üstəlik də, bizimlə kobud davranırdı. Getdik “zavuç”umuza şikayət elədik ki, bəs biz bu müəllimi istəmirik. Xeyri olmadı. Üç-dörd dərsdən sonra siniflə qərara gəldik ki, dərsə girməyək. Səhər saat səkkizdə hamı dərsdə olanda biz sinif rəhbərimizgildəydik. Onun da körpə uşağı vardı. Deyəsən, gecə də yatmamışdı. Biz qapını döyəndə yuxulu açdı. 40 nəfər uşaq doluşduq balaca bir otağa, xorla başladıq danışmağa ki, biz o müəlliməni istəmirik. Yazıq müəllimə bizimlə birgə məktəbə qayıtdı, rəhbərliklə ciddi danışdı. O qadını da heç kim istəmirdi. Hamı etiraz eləmişdi, bir bizim sinif qalmışdı. Bizim sinif də ondan şikayət edincə, məcbur məktəbdən uzaqlaşdırdılar.

 

Lent.az oxucularına məktəb illərinin ən yadda qalan xatirəsini danışır.

 

- Hər il Bakı məktəblərində maraqlı tədbirlər keçirilir, hər sinfə 15 müttəfiq respublikadan biri düşürdü. Bizim sinfə Gürcüstan düşmüşdü. Biz gürcü rəqslərini, gürcü dilində mahnılar, şeirlər öyrənməyə çalışırdıq. Gürcü müğənni Tamara Qvertselinin “Mənim Gürcüstanım” adlı mahnısını gürcü dilində əzbərləmişdik. Sözlərin mənasını tam olaraq dərk etməsək də, mənə maraqlı gəlirdi başqa dildə nəsə öyrənmək. Universiteti bitirənə qədər bu mahnı yadımdaydı. Daha unutmuşam.

 

- Döyülmüsünüz?

 

- Yox, amma danlanmışam. “Zavuç”umuz çox sərt qadın idi. Lidiya xanımdan çox qorxurduq. Yuxarı sinifdə olanda daha çox geyimlə bağlı danlanmışam. Qızlar dərslə bağlı daim məsuliyyətli olur, amma bəzək-düzəyi də sevir. Məktəbli forması geyinirdik. Lakin çalışırdıq ki, üstünə nəsə əlavə edək, hansısa aksessuar taxaq. Məktəbdə yox, amma evdə döyülmüşəm. Atam xoşlamırdı məktəbə dırnağıma qırmızı boya çəkib gedim. Deyirdi, məktəb vaxtı lak çəkmək olmaz. Mən də qırmızı lakı çox xoşlayırdım. Nəyi qadağan edirlərsə, uşağa o maraqlı gəlir axı. Nəysə, çəkdim. Atam gördü. Dedi, get təmizlə. Dedim, yox. Dedi, axırıncı dəfə deyirəm, get o dırnağındakı lakı təmizlə. Mən yenə etiraz edən kimi xətkeşlə barmaqlarıma bərk vurdu. Barmağımın üstündə xətkeşin izi qalmışdı. Ondan sonra tez qaçıb sildim. O vaxtlar sabolar təzə-təzə çıxırdı. Çexiyadan sifarişlə gətizdirirdilər. Atam da mənə doğum günü hədiyyəsi olaraq sabo almışdı. Mən də onu məktəbdə geyinmişdim. Çağırdı məni ki, bu nədi tapışkayla məktəbə gəlmisən. Dedim, Lidiya xanım, bu sabodur, baxın kabluku var altında. Dedi, nə olsun?! Dabanı açıqdır. Bu, məktəbli ayaqqabısı deyil. Get dəyiş. Dedim, artıq üçüncü dərsdir. Hara gedim? Dedi, yaxşı, bu günlük icazə verirəm. Amma  sabah səni bu ayaqqabıda görməyim.

 

- Geyindiniz yenə?

 

- Yooox. Dedim axı, ondan çox qorxurduq. Məktəb qurtarana qədər bir daha onu geyinmədim. İndiki uşaqlar çox sərbəstdirlər, ola bilsin müəllimdən, “zavuç”dan qorxmazlar. Amma biz yaman çəkinərdik. Doqquzuncu sinifdə dəcəl oğlan vardı. Məktəbin pərdələrini belə yandırmışdı. Hətta o belə Lidiya xanımdan çəkinərdi. Çünki bir dəfə şuluqluq edəndə bütün sinfin qarşısında oğlanın şalvarını soyundurmuşdu (gülür). Oğlan utandığından bir neçə gün məktəbə gəlmədi. “Zavuç”un qorxusundan sonra yenə gəldi.

 

Çox maraqlıdır ki, rəqəmləri sevməyən Dilarə Səlim kimya və fizikanı çox xoşlayıb.

 

- Kimya da rəqəmlər var, fizikada da. Amma onları yaxşı bilirdim. Cəbri qiymət xətrinə yola verirdim. Həndəsəni heç sevmirdim. Dərk də etmirdim. Heç öyrənməyə də çalışmırdım. Qəliz məsələlər olanda atama verirdim həll etsin. əvvəl istəyirdi mənə başa salsın, sonra dedim ki, havayı yorma özünü, onsuzda başa düşməyəcəm. İndi düşünürəm ki, mən istəsəydim başa düşərdim. Sadəcə olaraq istək yoxuydu.

 

- Sevimli müəlliminiz?

 

- Belə çox sevdiyim müəllimim olmayıb. Universitet vaxtı olub, məktəbdə yox.

 

- Bəs sevmədiyiniz?

 

- Olub. Azərbaycan dili müəllimini sevmirdim. Çünki o azərbaycanlı deyildi. Sonra bayaq haqqında danışdığım kimya müəlliməsi. Rus məktəbi olduğu üçün sinif yoldaşlarım kimi müəllimlərimin də əksəriyyəti qeyri millətdən idi. Ədəbiyyat müəllimimiz azərbaycanlı idi, axırıncı illərdə Azərbaycan dili müəlliməmiz dəyişdi. Azərbaycanlı gəldi.

 

- Məktəb illərində sevgi-məhəbbət?

 

 

- Bəyəndiyimiz olurdu təbii ki... Kimsə kimisə xoşlayırdı, kimsə kiminsə xoşuna gəlirdi. Qızlar öz aramızda danışırdıq. Uzaqdan uzağa xoşumuza gələnlər olurdu. Onuncu sinifdə oxuyanda mənə dedilər ki, bilirsən, onun səndən xoşu gəlir. Hansı ki, mənim də ondan xoşum gəlirdi. Bu, mənim üçün sürpriz olmuşdu.

 

Son zəng...

 

- Məktəbdəki rəsmi hissəsi o qədər də maraqlı olmadı. Amma buraxılış gecəsi çox maraqlıydı. İndi bilmirəm necədi, o vaxtlar gecədən bulvara gedib Günəşi qarşılayırdıq. Məktəbdə hamı standart geyinir. Düşünün ki, birdən-birə hamı fərqli görünürdü. Qızlar ilk dəfə kosmetikalanmışdılar. Öz-özümüzə deyirdik ki, aaa, bizim nə gözəl qızlarımız varmış?! Hələ oğlanlar! Dünənə qədər balaca görünən oğlanlar sanki bir günə böyümüşdülər. Tamam başqa cür görünürdülər. Sahildə oturmağımız, Günəşin doğuşunu gözləməyimiz... Unudulmaz xatirələrdir.

 

***

 

- Dərslərimə məsuliyyətlə yanaşmışam. Deyim ki, məktəbi çox sevmişəm, yox. Tətillərdən məktəbin başlanmasını çox həvəslə gözləyən şagird olmamışam. Dərsə getmişəm, çünki oxumaq lazım idi. Səmimi etiraf etməli olsam, məktəb illərini hansısa nostalji hisslərlə xatırlamıram. 

# 5206
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar