Aslan İsmayılov: “Məni elə vurdu ki...” - SÖHBƏT
06 may 2013 16:50 (UTC +04:00)

Aslan İsmayılov: “Məni elə vurdu ki...” - SÖHBƏT

Əslən qazaxlı olsa da,  Gürcüstanın Qardabani şəhərində anadan olub. Orta məktəbi də elə orda bitirib. Kuban Dövlət Universitetində hüquqşünas təhsili alıb. Uzun müddət hakim, məhkəmə sədri, prokuror işləsə də, 1996-cı ildən vəkil kimi fəaliyyət göstərir. 1995-ci ildən “Viza” hüquq firmasının təsisçisi, 2005-ci ildən isə “Aslan İsmayılov və partnyorları” vəkil bürosunun təsisçilərindəndi. Üç uşaq atasıdır. Övladlarından razıdır: “Onlar mənim üçün daim qürur mənbəyi olublar. Yaxşı oxuyub, gözəl davranıblar. Amma inanmıram ki, mən balalarımı anamın məni sevdiyi qədər sevə biləm. Anam daha müdrikiydi. Atam daha erkən rəhmətə getdiyindən onunla bağlı anam qədər danışa bilmirəm”.

 

 “Məktəb illərini” Lent.az-a Aslan İsmayılov danışır.

 

 

 

 

 

- 1965-ci ildə Gürcüstanın Qardabani şəhəri 1 saylı orta məktəbə getmişəm. İlk müəlliməm Səmayə müəllimə olub. Allah rəhmət eləsin, bu yaxınlarda rəhmətə getdi. 90 ilə yaxın yaşadı. Çox zirək uşaq olmuşam. Dərsə başlayanda məndən başqa hamı əlifbanı bilirdi. Bir-iki ay özümü sıxıntılı hiss etdim. Amma ilin sonunda artıq sinifdə birinciydim. Boyum hündür olduğundan ikinci partada otururdum. Parta yoldaşım Tengiz adlı bir oğlanıydı. Mən həddən artıq dəcəl, o isə çox sakitiydi.  İkimiz də riyaziyyatı sevirdik. Mən arada futbola, tennisə də maraq göstərərdim. Artıq 6-7-də oxuyanda ali məktəblərə hazırlıq üçün riyaziyyat kitablarından tənliklər həll edərdik. Onuncu sinifdə humanitar fənlərə getmək istədiyimi məktəbdə elan edəndə riyaziyyat müəlliməm Rəxşəndə müəllimə, fizika müəllimin İbrahim müəllim üçün bu bir faciə oldu. 

1971-ci ildə Əsəd dayım avtomobili ilə qəza keçirdi. O zaman dayımın rayon rəhbərliyi ilə problemləri olduğuna görə, bundan istifadə edib onu həbs etdirdilər. Hərçənd ki, günahsız idi. Mən anamın necə həyəcan keçirdiyini gördüm. Onda mən ilk dəfə anama dedim ki, hüquqşünas olacam. O vaxt uşaq kimi düşünürdüm. Elə bilirdim ki, dayıma qarşı edilmiş ədalətsizliyin qarşısını alacaqdım. 

 

 

“Mal-qara otlayardı, mən isə kölgədə oturub kitab oxuyardım”

 

 

Çox aktiv həyat keçirmişəm. Səhər tezdən durub, məktəbə gedərdim. Dərsdən gələn kimi günorta yeməyimi yeyib, mal-qaranı qabağıma qatıb otarmağa aparardım. Şəhərdə yaşasaq da, mal-qara saxlayırdıq. Amma hökmən özümlə bir kitab aparardım. Mal-qara otlayardı, mən isə kölgədə oturub həvəslə kitab oxuyardım. Ən yadımda qalan kitab anamın mənə üçüncü sinifdə hədiyyə etdiyi Sədi Şirazinin “Gülüstan” kitabı idi. Anam mənə deyərdi ki, “a bala, çox yorulmuşam. Buradan bir şer oxu mən də bir az dincəlim”. Mən də uşaq ağlımla həqiqətən elə bilirdim ki, mən şeri oxuyanda anam dincəlir. Təxminən bir aya mən o kitabı anam üçün oxuyub bitirdim. O kitab bu gün də evdədi. Beşdə, altıda oxuyanda Nizami Gəncəvinin “Sirlər xəzinə”sini oxuyurdum. Sonralar başa düşdüm ki, anam bu yolla mənə kitab oxumağa vərdiş etdirib.

Anam çox zəhmətkeş qadın idi. Əlin qabarları ilə bizi böyüdüb. Bir də anam heç vaxt mənim xətrimə dəyməzdi. Mən həddən artıq şuluq uşaq olmuşam. Anam isə həddən artıq səliqəli xanım olub. Ən çox istədiyi şey mənə ağ köynək geyindirməkiydi. Rayon yerində çox nadir adamlar hər gün ağ köynək geyinərdi. Mən hər gün ütülü ağ köynək və qırmızı qalstuk taxardım. Hər gün də axşam evə gələndə köynəyin düymələri olmurdu. Rəhmətlik düymə tez qırılmasın deyə möhkəm tikərdi. Tikəndə də düymə parçanı qoparıb, qırılardı. Tez-tez dalaşardım. Anamın mənə dediyi ən ağır söz “ay anan ölsün, lap köynəyin düyməsini ətiylə bir yerdə qoparmısan”. Amma dərslərimi əla oxuyardım. Yeganə dörd qiyməti davranışdan alardım. 

 

 

 

“Qonşuları deyirdilər ki, Əlləz üç litr südə bir kilo çörəyi doğrayıb yeyir”

 

 

 

 

Kimsə haqsızlıq edəndə dözə bilmirdim. Məktəbimizdə bir-iki fiziki qüsuru olan uşaq vardı. Onlara kim lağ eləsəydi hökmən dalaşardım. Kimsəyə qarşı ədalətsizlik etməmişəm. Ədalətsizlik edənlərin də cavabını vermişəm. Amma bu o demək deyil ki, hər dəfə mən döymüşəm. Sinif yoldaşlarımın içində mənimlə heç kim bacarmazdı. Bizim məktəbdə Qardabaninin Kəpənəkli kəndindən Əlləz adında oğlan oxuyurdu. Təxminən iki metr boyu vardı. Çox iri sümüklü oğlan idi. Qonşuları deyirdilər ki, Əlləz üç litr balon südə bir kilo çörəyi doğrayıb yeyir. Amma mən onu elə də cəsarətli sanmırdım. Bir-iki dəfə təpinmişdim. Axırıncı dəfə sifətimə bir yumruq vurdu. Elə bildim üstümdən tank keçdi(gülür). Ondan sonra daha onun həndəvərinə yaxın getmədim. Bu yaxınlarda Əlləzlə Sumqayıtda bir toyda görüşdüm. Gözümdə fil boyda qalan Əlləz elə mənim boydaydı. 

 

 

 

Məktəbdə ictimai fəal olmamışam. Oktyabrat, pioner, komsomolçu olmuşam. Riyaziyyat müəlliməm Rəxşəndə müəllimə rəhmətə gedənə qədər ona baş çəkərdim.  Direktorumuz Tanrıverdi müəllim vardı. Onun da soyadı İsmayılov idi. Çox zəhmli kişiyidi. Uşaqlıqdan heç nədən qorxmazdım. Dörddə-beşdə oxuyanda zil qaranlıqda meşəyə gedərdim. Amma Tanrıverdi müəllimdən çox qorxardım. Özü də deyim ki, sizə belə hündür, canlı kişi idi, yox. Alçaqboylu arıq adamıydı. Sonra rəsm müəllimimiz vardı, Suliko müəllim. Sağ əli yox idi. Sol əliylə gözəl rəsmlər çəkərdi, hamı heyran qalardı. O dövr müəllimə xüsusi bir hörmət varıydı. Və mən də hesab edirəm, bu, daha düzgün idi. Müəllimlər də fərqli idilər. Mən təsəvvür etmirəm ki, o vaxt müəllim şagirddən hədiyyə umardı. 

 

 

 

“Neftçi”nin kapitanı bizim məktəbdə oxuyurdu

 


Riyaziyyatdan mənfi bir alardım. Ev tapşırığını yerinə yetirməyəndə Rəxşəndə müəllimə mənə mənfi bir verərdi. Hərçənd ki, riyaziyyatdan respublika olimpiadasının iştirakçısı olmuşam. Amma sinifdə verdiyini bütün misalları həll edib beş alırdım. Mən onuncu sinifdə oxuyanda səkkizinci siniflərdə Rəxşəndə müəllimənin dərsini əvəz edirdim. Ümumiyyətlə, məktəbdə bütün müəllimlərim dalaşqanlığıma baxmayaraq məni çox istəyiblər. Mənim bu gün də dostluq etdiyim idman müəllimim var. O zaman bizim məktəb Yasin müəllimin sayəsində Gürcüstanda idman üzrə aparıcı yerlərdən birini tuturdu. “Neftçi” futbol klubunun kapitanı Əsgər Abdullayev bizim məktəbin məzunu idi. Yasin müəllimə görə, məktəbimizdə uşaqların çoxu həm yaxşı futbol oynayırdı, həm voleybol, həm də stolüstü tennis. Özüm də yaxşı futbolçu olmuşam. Məktəbimizdə də, Kuban Dövlət Universitetində də mərkəz hücumçu idim, 9 nömrə geyinərdim. Gəlin sizə bir maraqlı hadisə danışım. Krasnodarda oxuyanda Hüquq fakültəsi üçüncü kurs ilə futbol oynayırdıq. Mən onda ikinci kursda oxuyurdum.  Bizim komandada tək azərbaycanlı mən idim. O biri komanda da Teymur İsmayılov. Oyun 4-4 qurtardı. Üç top mən vurdum, üç top da Teymur. O boyda rusların içində azərbaycanlı tək biz idik. Amma topları biz vurduq. 

 

 

 

 

 

 

Oxumağı nə bacarırdım, nə də sevirdim. Rəqsi sevirəm, yaxşı da rəqs edirəm. Həmişə istəmişəm ki, hansısa bir alətdə ifa edə biləm. Məmuniyyətlə fortepianoda çalardım. Vaqif Mustafazadəni, İsfar Sarabskininin ifalarını dinləyirəm. Sevmədiyim müəllimim olmayıb. Altıncı sinifdə oxuyanda “Kim olmaq istəyirəm?” adlı inşa yazdırırdılar. Mən yazmışdım ki, haqsızlığın qarşısını almaq üçün hüquqa qəbul olub, müstəntiq olmaq istəyirəm. Rəhmətlik İlyas müəllimim oxuyub, mənə əla qiymət yazdı. Amma dedi: “Aslan, ora sənin kimilərinin yeri deyil. Sən hüquqa qəbul ola bilməzsən. Ora gedən adamın ya yaxşı pulu, ya yaxşı adamı olmalıdı”. Onda mən çox incimişdim. Sonra hüququ bitirib, qırmızı diplomu alanda gəlib İlyas müəllimi gördüm: “Baxın, mən hüquqa da girdim və qırmızı diplomla da bitirdim”. 

 

 

 

“Qırmızı diplomu anam üçün almışdım”

 

 

 

Birinci sinifi bitirəndə əlaçı olduğuma görə, mənə tərifnamə verdilər. Anamın qəşəng sandığı varıydı. Dəyərli əşyaları orda saxlayardı. Mənim tərifnaməmi də götürüb o sandığa qoydu. Ondan sonra hər il anam üçün tərifnamə alardım. Anam hamısını yığıb saxlamışdı. Mən evlənəndə anam onların hamısını, şəkillərimlə bir yerdə həyat yoldaşıma təhvil verib, dedi: “Qızım, bu qədər mən yığdım saxladım, bundan sonra da sən yığ saxla”. Ondan sonra da mənim bütün yazılarımı, məqalələrimi həyat yoldaşım yığıb. Həyatda ikinci olmağı istəməmişəm. Rəhmətlik anam deyərdi ki, çoban olsan belə birinci olmalısan. Birinci olmaq prinsipini anam aşılamışdı mənə.

 

 

Anam olmasaydı mən bəlkə də  oxumağın dalınca düşməzdim, bəlkə də futbolçu, ya güləşçi olardım. Güləşməyi də çox sevərdim. Universitetdə də qırmızı diplomu anam üçün almışdım. Bu günün özündə də hər addımımı sanki anam məni görürmüş kimi atıram. Kimə yaxşılıq etsəm, qarşılığında sadəcə “anama rəhmət oxuyun, mənə yetər “ deyərəm. 

 

 


Sinfimizdə Yaşar adlı oğlan vardı. Ata, ananın bir oğluydu deyə arzu etmişdilər ki, Yaşar məktəbi bitirəndə onun son zəngini evlərində keçirəcəklər. Və çox gözəl son zəng təşkil etdilər. Bir nəfərdən belə pul yığmağa qoymadılar. Hələ də sinif yoldaşlarımla beş ildən bir rayonda görüşürük. Növbəti görüşümüz 2015-də olacaq.

 

 

 

“Cavanlığım çox çətin keçib”

 

 

Mən heç nəyə qayıtmaq, həyatımda heç nəyi dəyişmək istəməzdim. Cavanlığım çox çətin keçib. Atam cavan rəhmətə gedib. Yeganə istəyim odur ki, kaş, atam, anam sağ olaydı. Verilən həyat Allahın qismətidi. Mən də şükür edirəm ki, mənə yaxşı həyat qismət edib. Çox məzmunlu, faydalı, mənalı həyat verib. Məni qonşular, müəllimlər çox sevərdi. Buna görə də anama borcluyam. Boş vaxtım olan kimi anam deyərdi ki, a bala, filankəs sonsuzdu, heç kimi yoxdu. Get onun qapısındakı alağı təmizlə, ya həyətini sula. Mən də anama görə edirdim, amma özümə hörmət, sevgi qazanırdım.

 

Birinci sinifdə də sevmişəm, üçüncüdə də, beşdə də. İki ildən bir qız sevərdim. Sevmişəm deyəndə xoşuma gələrdilər.

 

Anam kəlağayı sevərdi. Birinci maaşımdan Rusiyada gözəl qızılı rəng kəlağayı aldım. Altı aydan bir evə gələrdim. Gələn kimi tez anama kəlağayını göstərdim. Anam çox bəyəndi. “A bala, Rəxşəndə müəlliməyə də almısan?” dedi. Dedim yox , ona gələn dəfə alacağam. Dedi, qurban olum sənə, bunu apar ona ver, gələn dəfə mənə alarsan. Mənə bağışladığından on dəfə üstün olar. Mən də apardım verdim. Amma gələn dəfə gələndən o kəlağayıdan tapa bilmədim, anama ayrısını aldım. 

 

Anam mən hakim, prokuror işlədiyim vaxtlarda sadəcə məni təbrik edərdi. Amma sonra mən işdən qovulub, vəkil kimi işə düzələndə anam çox sevindi “şükür sənə, ya Rəbbim, nə gözəl” dedi. Məhkəmə sədri, prokuror işləyəndə belə bu qədər sevinmədi. İndi bu günləri başa düşürəm ki, gerçəkdən vəkillikdən başqa gözəl iş yoxdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5871
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar