Yaxşısıyla, yamanıyla   “Qızıl toy”- Bu tamaşaya niyə baxaq?
23 oktyabr 2023 17:20 (UTC +04:00)

Yaxşısıyla, yamanıyla “Qızıl toy”- Bu tamaşaya niyə baxaq?

Lent.az “Tamaşaçı” rubrikasında teatrlarımızda təqdim olunan tamaşalar barədə silsilə yazılarını davam etdirir. Bu dəfə  Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunan “Qızıl toy” tamaşası barədə danışacağıq. 

“Qızıl toy” musiqili komediyasının libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. 

Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib. Yeni quruluşda premyerası isə 2014-cü ildə olub. Yəni, yeni əsər deyil. Amma repertuardan düşmür. Öncə elə onu qeyd edim ki, əsərə baxanda bir az təcrübəli tamaşaçı ondan Sovet dönəminin “iyi gəldiyini” anlayır. Hər nə qədər müasirləşdirmə cəhdi olsa da.

Tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Gültac Əlili, Şaban Cəfərov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov və başqaları çıxış edirlər.

Əsərin əsas qəhrəmanlarından Azər Fransadan atasının doğulub boya-başa çatdığı Azərbaycana gəlir. O, qan bağı olan nəslinin nümayəndələrinin sorağıyla vətənə ayaq basır və elə hava limanındaca kimliyini bilmədən bələdçi qıza aşiq olur. Bu qız onun qohumu Aygündür. Gənclər bir- birlərini sevib, evlənməyə qərar versələr də, bu evliliyə qarşı çıxanlar var. 

Musiqili Teatr canlı musiqi dinləmək istəyənlər üçün əla məkandır. Bu mənada orkestrin canlı ifası, əsərdə ifa olunan musiqilər xoşagələn idi. Mükəmməl olmasa da, tamaşaçını yormurdu, xoş təsir bağışlayırdı. Rəqslər çox yüksək səviyyədə qurulmuşdu. Tamaşadan çox rəqslər diqqət çəkirdi desəm yeri var. Həm rəqqasların kostyumları, həm rəqslərin quruluşu yüksək səviyyədə idi. Qobustan qayalıqlarında rəqs edən qədim insanların rəqsi, ovçu və ceyranın rəqsi, son pərdədə Odlar Yurdunu vurğulayan kostyumlar və ona uyğun rəqslər  mütləq qeyd edilməlidir. Ukrayna xalq rəqslərini də gözəl təqdim etmişdilər.

 Rejissor sanki ssenaridəki boşluğu, sönüklüyü, məzmunsuzluğu rəqslərlə doldurmağa çalışmışdı.

Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə üçlüyünün oyunu tamaşaya rəng qatırdı. Onlar peşəkarlıqla yükü üzərlərinə çəkərək tamaşaçılara gülüş bəxş etməyi bacarırdılar. Amma bu gülüşü bəxş edən əsərin dili, ağıllı intellektual yumoru yox, aktyorların jestləri, maneraları idi. Hiss edirdin ki, var gücləri ilə əsəri qurtarmağa çalışırlar. Nahidə xanımın ayağını uymayan dabanlı ayaqqabılarda gəziş forması, Əkbərin sonda pərdənin altından əyilib Azərə hədələməsi də  maraqlı məqamlar idi.

İki hissəli tamaşada gərəkli, gərəksiz səhnələr çox idi. Və bu səhnələrin nəyə xidmət etdiyi anlaşılmırdı. Hiss edirdin ki, tamaşaçılar da mənasız uzatmalardan yorulur, bezirlər. Əslində kulisdə dindirib danışdırdığım  tamaşaçılar da (bu dəfə tamaşaçıların çoxu yaşlı nəslin nümayəndələri idi) ssenarinin zəifliyini qeyd etdilər. Biz bu teatrda o qədər gözəl əsərlər görmüşük ki, zəiflik dərhal gözə batır.

Tamaşada Azərlə Aygünün bir-birlərinə aşiq olma, sonda  evlənib ölkəni tərk etmə səhnələri çox sürətlə verilmiş, əvəzinə fransız turistin  tapdığı mirvari, ukraynalı xanımın kukla obrazına bürünməsi gərəksiz yerə uzadılmışdı. Varlı bir ailənin qızı olan Mireyin Qədirin qızıl broşunu oğurlaması, həyasızcasına istədiyini qoparmaq istəməsi Fransa- Azərbaycan münasibətlərinə göndərmə idi yəqin ki.

Toyun qızıl və ya gümüş toy olması da bir az qaranlıq qaldı.

 Bu teatrda mən dəfələrlə təqdim olunmuş “ O olmasın, bu olsun” əsərinə də baxmışam. Yüz dəfə görsəm də, böyük maraqla baxdım, çünki ssenari zəngin idi.

“Qızıl toy”un zəif təsir buraxmasının tək səbəbi onun Sovet  dönəmində yazılmış, səhnə işi xətrinə səhnə işi olması idi məncə. Teatr daha maraqlı əsərlərə müraciət edə bilər. Madam ki, əziyyət çəkirlər, ortaya əmək qoyub iş çıxarırlar.

Teatrlarımıza, o cümlədən Musiqili Teatra da güclü axın var. Tamaşaçı isə gəlib zaman  verdiyi əsərdən umduğunu tapmalıdır. Bu tamaşadakı zəif alqışlar məyusluğun gösətricisi idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4647
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar