Yeni ildə Gənc Tamaşaçılar Teatrının kollektivi azyaşlı tamaşaçıları üçün “Küpəgirənin hiyləsi” adlı yeni il tamaşasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməkdar artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq tamaşanın maraqlı rejissor yozumu və süjet xətti, rəngarəng səhnə geyimləri və tərtibatı ilə yeni il tətilinə uşaqlara əvəzolunmaz hədiyyə olacaq.
Tamaşada teatrın gənc aktyorları Günel Məmmədova, Asya Atakişiyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, İlham Əsədov, Manaf Dadaşov, Elşən Hacıbabayev və başqaları uşaqların sevimli obrazlarını canlandıracaq. Sürprizlərlə dolu əyləncəli bayram proqrama dekabrın 26-dan yanvarın 5-dək davam edəcək.