“Bu, mənim Bakıya 3 və ya 4-cü səfərimdir. Bakıya gələnə qədər azərbaycanlı pərəstişkarlarımdan çoxlu məktub alırdım. Yenidən Bakıdayam, sizin ölkənizi çox bəyənirəm”.
Bunu martın 27-28-də Heydər Əliyev Sarayında konsert vermək üçün Azərbaycana gələn Yaponiyanın tanınmış pianoçusu və caz ustası Keyko Matsui bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, unudulmaz konsert proqramı ilə çıxış edəcəyini söyləyib: “Beş həftəlik turneyə çıxmışam. Bundan öncə Moskvada olmuşam, Bakı konsertimdən sonra Gürcüstan və Belarusa səfərlərim planlaşdırılıb. Hesab edirəm ki, bu iki gün ərzində sizə unudulmaz konsert anlar yaşadacağıq. Məni burada Azərbaycan musiqisi ilə tanış etdilər. Amma daha öncə sizin musiqiçiniz Vaqif Mustafazadə barəsində eşitmişdim. Bu əfsanəvi musiqiçidir ”.