Xalq artisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında verəcəyi “Bir bahar axşamı” adlı solo konsertindən öncə mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, jurnalistləri başına cəm edən xalq artisti deyib ki, konsertində ilk dəfə olaraq mahnı janrı və romanslar ifa edəcək: "Gecədə məni əməkdar artist Salman Qənbərov və Azər Allahverdiyevin rəhbərliyi altında Rəşid Behbudov adına Mahnı Teatrının estrada simfonik orkestri müşayiət edəcək. Gecədə müxtəlif obrazlarda olacam. Geyimlərim də xüsusi olaraq bahar ab-havasına uyğun hazırlanıb. Konsertimin rejissoru Cavid İmamverdiyev, aparıcısı isə Saleh Bağırov olacaq. Konsertdə mənimlə səhnəyə gənc ifaçı Ələsgər Əliyev çıxacaq.
Xalq artisti deyib ki, qızı bundan əvvəlki konsertində onun üçün libas hazırlayıb: "Amma bu konsertimə xüsusi hədiyyə barədə düşünür. Hədiyyənin nədən ibarət olduğunu demək istəmirəm. Sürpriz olsun. Hazırda bütün diqqətimi konsertimin hazırlıqlarına yönəltmişəm”.