Xalq artisti Məhəmməd Bürcəliyevin 100 yaşı tamam olur
25 aprel 2014 06:20 (UTC +04:00)

Xalq artisti Məhəmməd Bürcəliyevin 100 yaşı tamam olur

Aprelin 25-də xalq artisti, teatr və kino aktyoru Məhəmməd Bürcəliyevin 100 yaşı tamam olur.

 

APA-nın məlumatına görə, M. Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Şəkidə 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb. 1967-1968-ci illərdə N.K.Krupskaya adına Moskva Dövlət İncəsənət Universitetinin “Teatr aktyoru və rejissoru” fakültəsini bitirib.

 

1948-ci ildə qələmə aldığı “Yadigar” adlı bir dram əsəri həmin ildə Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. M. Bürcəliyev həmçinin respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir. O, Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaradıb. "Od gəlini"ndə Altunbay, "Aydın"da Səlim, "Nəsrəddin şah"da Cavad xan, "1905-ci ildə"də Qubernator, "Almaz"da Şərif, "Səyavuş"da Kərşivaz, "Fərhad və Şirin"də Azər baba, "Otello"da Radriqo, "Vaqif"də İbrahim xan, "Üç qəpilik opera"da Bıcaq Mex, "III-Riçard"da Lord Xestinqs, "Odu atma, Prometey"də Kefest, "Dəli Kür"də Qoca, "Qacaq Nəbi"də Koxa Məmməd, "Qəribə dilənci"də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M. Bürcəliyev 11 pyesin quruluşçu rejissoru olub.

 

M. Bürcəliyev eyni zamanda bir neçə filmdə də yaddaqalan obrazlar yaradıb. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir.

 

1946-1948-ci illərdə M. Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradaraq və Gəncə Dövlət Filarmoniyasının direktoru olub.

 

O, 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar