Noyabrın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Məcnun Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ziyalıların, mədəniyyət xadimlərinin dəvət aldığı tədbirdə Məcnun Kərimin Azərbaycan mədəniyyətindəki xidmətlərindən söz açılacaq, sənət dostlarının xatirələri dinləniləcək.
Qeyd edək ki, Məcnun Kərim 1945-ci il sentyabrın 1-də Zəngəzur mahalının Şəki kəndində anadan olub. 1991-ci ildən Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb. 1995-ci ildə "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib. Azərbaycanın qədim musiqi alətləri haqqında bir çox tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib. 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblını yaradıb.
Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə əməkdar artist, 2011-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.