Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş V Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, 18 sentyabr "Musiqi Günü"nə təsadüf edən festival sentyabrın 18-dən başlayaraq 25-nə qədər davam edəcək.
Bu ilki festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri - Münhen Yeni Filarmonik Orkestri, BoqdanVarxal adına Slovakiya Dövlət Kamera Orkestri, "Romantik" kvarteti, "Utopik" kvarteti, Peter Rundel, Bricit Pinter, Vilija Poskute və Tomas Daukantas, Svetlana Berejnaya, V.Vorona Viktoriya Çenskaya, Teymuraz Ququşvili, Petry Rakovitse,Varvara Nepomnyaşaya, AŞU, Nikita Volov və Daniel Tağıyev iştirak edəcəklər.
Festival çərçivəsində musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" musiqili komediyası, italyan bəstəkarı C.Verdinin "Aida" operası nümayiş olunacaq. İlk dəfə olaraq Rusiyadan tanınmış orqan ifaçısı Svetlana Berejnayanın iştirakı ilə orqan musiqi axşamı təşkil ediləcək.
Bundan əlavə, Üzeyir Hacıbəylinin ev-muzeyində "Üzeyir evinin qonaqları" layihəsi adlı silsilə konsertlərdə gənc musiqiçilər iştirak edəcək. Hər il olduğu kimi, Ağcabədidə "Qarabağ" Muğam Mərkəzində təşkil edilən festival tədbirində Şuşa Musiqili Dram Teatrının "Üzeyir Hacıbəyli. Musiqi və gülüş dünyası" adlı tamaşası təqdim olunacaq.
Qeyd edək ki, festival Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilir.