Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergünün “Barok Arialar Axşamı” adlı arialar gecəsi baş tutub. Lent.az-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan konsert cəbhə bölgəsində şəhid olan əsgərlərimiz əzin xatirəsinə həsr edilib.
Sənətçi konsertdə ancaq şəhidlərə aid olan arialar səsləndirdiyini deyib: “Biz iki həftə öncə aria gecəsini keçirməyi planlaşdırmışdıq. Amma son anda aldığımız Azərbaycan ordusunun əsgərlərin şəhid olma xəbəri bizi çox üzdü. Biz də bu axşamı şəhidlərin əziz xatirəsinə həsr etdik. Proqramı dəyişərək yalnız şəhidlərə aid olan arialar səsləndirdim. Allah vətən uğrunda dünyasını dəyişən əsgərləri rəhmət eləsin!”.
Arialar axşamında O. Ergünü pianoda Hollandiyada birlikdə təhsil almış və Amerikada yaşayan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq müşayiət edib.
Qeyd edək ki, Alman - Azərbaycan mədəniyyət birliyi “Kapellhaus”da keçirilən arialar gecəsində Amerikanın Azərbaycandakı səfiri, Türkiyənin Azərbaycan səfirliyinin diplomatları, İtalyanın Azərbaycan səfirliyinin nümayəndəsi və digər səfirliklərin təmsilçiləri iştirak ediblər.