Türkiyə-Azərbaycan qardaşlıq dastanı
15 mart 2018 23:58 (UTC +04:00)

Türkiyə-Azərbaycan qardaşlıq dastanı

Martın 15-də Dövlət Musiqili Teatrda Türkiyə və Azərbaycanın qardaşlığına ithaf edilmiş “Qəhrəmanlıq dastanımız” adlı musiqili-bədii gecə təşkil olunub.

 

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız əbədidir” adlı təşkilat komitəsinin dəstəyi ilə reallaşıb. Əvvəlcə qonaqlar hər iki dövlətin münasibətlərini əks etdirən rəsm sərgisinə baxıblar.

 

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.

 

Qeyd edilib ki, komitənin əsas məqsədi iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə vermək, ölkəmizin təbliğatını Türkiyədə daha geniş şəkildə təşkil etmək və ictimaiyyət olaraq terrora qarşı aparılan mübarizədə Türkiyəyə dəstək verməkdir. İki qardaş ölkənin hazırkı əməkdaşlıq əlaqələrindən danışan E.Həsənli mövcud münasibətlərin günü-gündən daha da inkişaf etdirdiyini diqqətə çatdırıb.

 

Vurğulanıb ki, tarixin sınaqlarından çıxaraq “Bir millət, iki dövlət” prinsipi ilə gündən-günə güclənən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı İslam həmrəyliyinə layiqli nümunə kimi qiymətləndirilir.

 

Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi və digər çıxış edənlər Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmini qeyd ediblər. Türk xalqının bu gün dünya birliyində öz layiqli və dəyərli yerini tutduğunu deyən natiqlər bildiriblər ki, Azərbaycan-Türkiyə əlaqələri qədim və zəngin tarixə malikdir. Bizim dili bir, dini bir, kökü bir olan xalq olduğumuza diqqət çəkərək qeyd olunub ki, hər iki qardaş ölkə bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, bir-birinə dəstək nümayiş etdirir.

 

Qeyd edilib ki, Azərbaycan və Türkiyə iki dövlət bir millətdir. Hər iki dövlətin beynəlxalq aləmdə layiqli mövqe tutması çox çətin mübarizə nəticəsində mümkün olub. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkələrimiz arasında sarsılmaz birliyin yaranıb formalaşdığı, bu işdə ümummilli liderin əvəzsiz rolunun olduğu vurğulanıb.

 

Bildirilib ki, bu gün Türkiyə və Azərbaycan bütün maneələrə və siyasi oyunlara qalib gələrək sıx birliyə nail olub. Ölkələrimiz iqtisadi cəhətdən inkişaf edərək gələcəyə inamla addımlayır.

 

Tədbir “Qəhrəmanlıq dastanımız” adlı musiqili proqramınla davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar