2 aydan çoxdur ki, Gənclərin III Ümumrespublika Teatr Festivalı davam edir. Bu müddət ərzində Bakıdan qeydiyyatdan keçən gənc rejissorların seçim turu keçirilib, paytaxtdan festivalda iştirak edəcək 6 rejissor seçilib. Bu haqda bir qədər əvvəl Lent.az-da geniş yazı getmişdi. Bölgələrdəki seçim turu isə bu ayın sonuna qədər bitəcək.
İdeya müəllifi millət vəkili Jalə Əliyeva olan Gənclərin III Ümumrespublika Teatr Festival haqqında maraqlananları məlumatsız qoymamaq üçün mütəmadi yazılar hazırlayarıq, sizləri məlumatlı edirik. Bu dəfə ki, müsahibimiz “YUĞ” Teatrının direktoru, festivalın Bakı üzrə birinci seçim turunun münsiflərindən biri Tərlan Rəsulovdur.
Bütövlükdə tədbiri müşahidə etməsə də, təşəbbüs olaraq bu festivalın keçirilməsini yüksək qiymətləndirdiyini deyən T. Rəsulov belə festivalların tez-tez keçirilməsinin tərəfdarıdır: “Müxtəlif səpkidə, müxtəlif mövzularda, gənclərin arasında müxtəlif sosial mövzuları əhatə edəcək festivalların keçirilməsi gözəl olardı. Bu bir başlanğıcdır. Mən inanıram ki, bunu davamı da olacaq, digər gənclər təşkilatlarına bir təşəbbüs bir nümunə olacaq”.
Hər festivalın sonunda iştirakçıların püxtələşməyi üçün bir həftəlik ART- kamplar keçirilir. Kampda tanınmış incəsənət və mədəniyyət xadimlərinin ustad dərsləri keçir, gənc rejissor və aktyorlara ustad dərsləri verir. T. Rəsulov da həmin kampda keçirilən təlimdə iştirak edib, öz bilik və bacarıqlarını gənclərlə bölüşüb.
- Gənclər üçün nə qədər maraqlı və xeyirli olub-olmadığını deyə bilmərəm. Gənclərin qabiliyyət və bacarıqları müxtəlifdir. Hamısında ortaq bir şey vardı. O da bu müsabiqədə iştirak etmək həvəsləridir.
- Gənclərin III Ümumrespublika Teatr Festivalının Bakıda keçirilən I seçim turunda iştirak etdiniz. Müsabiqəyə qatılan gənc rejissorlar haqqında nə deyə bilərsiniz?
- Gənclərin özünü nümayiş etdirmək həvəsləri vardı. Yaşından asılı olmayaraq bu və ya digər formada teatra həvəsləri vardır. Bu həvəsin səngimədiyini görmək yaxşı haldır.
- Seçim turunda Bakıdan 6 rejissor seçildi. Seçilən gənclər sizin ürəyinizcə oldu?
- Üç münsif olduğumuz üçün, ümumi nəticələr bir nəfərin fikrincə olmadı. Mənim az bal verdiyimə, digər münsif çox bal vermişdi. Və yaxud da əksinə. Bu da festivalın seçim turunun obyektiv keçməsinin göstəricisidir. Hər kəsin öz dünya görüşü, baxışı var. Nadir hallarda olsa da, bir neçə şeydə bizim fikirlərimizi üst-üstə düşmüşdü. Elə şey var ki, onu başqa cür dəyərləndirmək olmaz.
- Elə rejissor oldu ki, siz ona yüksək qiymət vermişdiniz, amma keçmədi?
- Yox. Yaxşı bildiklərim festivalda mübarizəsini davam etdirəcək. Hər kəsə burdan uğurlar arzulayıram!