Türkiyəli naşir Azərbaycanın bir sıra qəhrəmanları ilə bağlı cizgi romanları dərc edəcək
Qarabağ müharibəsinin canlı əfsanəsi, "Azərbaycan bayrağı” ordenli İbad Hüseynova həsr olunmuş sənədli cizgi romanının silsilə təqdimatları keçirilib. Hədəf Nəşrlərindən Lent.az-a verilən məlumata görə, Azərbaycan, türk və rus dillərində nəşr olunmuş "İbad” sənədli cizgi romanının müəllifi Suat Turqut, Azərbaycan dilinə tərcüməçisi Şəmil Sadiq, redaktoru Rüfət Əhmədzadədir.
Birinci təqdimat mərasimi aprelin 4-də Bakı Atatürk Mərkəzində, ikinci təqdimat və imza günü isə “Kitabevim.Az” kitab marketində baş tutub.
Yüzdən çox oxucunun və KİV nümayəndəsinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan filoloq, Hədəf Kurslarının baş direktor müavini Elxan Nəcəfov bildirib ki, Suat Turqutun cizgi romanları ilə bağlı öz ölkəsində gördüyü işlər sırasına İbad Hüseynova aid kitabı da daxil etməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi kimi qeyd olunmalıdır.
“Azərbaycan bayrağı” ordenli müharibə iştirakçısı İbad Hüseynov ona verilən dəyərə görə hər kəsə təşəkkür edərək, onunla çiyin-çiyinə döyüşmüş müharibə yoldaşlarını unutmayıb və Vətən uğrunda canından keçən hər bir Azərbaycan oğlunun və qızının xatirəsini əziz tutmağın vacibliyini vurğulayıb.
“2023 Yayımcılık” şirkətinin İdarə Heyəti sədri, romanın müəllifi S. Turqut bildirib ki, sağlam gəncliyin formalaşmasında bu tip kitabların böyük rolu var: “İndiyə qədər kitab bazarlarımızda üstünlüyü xarici ölkələrin uydurulmuş qəhrəmanlarına aid kitablar saxlayırdı. Lakin bizim gerçək qəhrəmanlarımız var və onları övladlarımıza tanıtmalıyıq. Xüsusilə də, yaşayan qəhrəmanlarımızın dəyərini bilməli, onların qiymətini sağlıqlarında verməliyik”. Naşir onu da əlavə edib ki, kitabın ispan, alman, macar, yunan və erməni dillərinə də tərcüməsi planlaşdırılır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq qeyd edib ki, İbad Hüseynova həsr olunan bu romanda yalnız Qarabağ müharibəsi yox, Azərbaycan, Türkiyə və ümumiyyətlə Türk dünyasının tarixində baş verən önəmli hadisələrə toxunulub, böyük şəxsiyyətlərdən söz açılıb.
Sonra “İbad” romanının imzalanma mərasimi olub.