Azərbaycan tamaşaçısı "Taleyin ironiyası, yaxud həmişə təmizlikdə" filmindəki İppoliti, "İvan Vasilyeviç peşəsini dəyişir" filmindəki İvan Qroznını yaxşı tanıyır.
Lent.az-ın məlumatına görə,SSRİ xalq artisti Yuri Yakovlev 85 yaşında xəstəxanada dünyasını dəyişib...
O, həm teatr, həm də kino aktyoru idi. "Vaxtanqov teatrı"nda 70-dən çox rol oynayıb. Kinoya isə 1956-cı ildən çəkilib.
Ona tamaşaçı məhəbbətini ilk olaraq, Eldar Ryazanovun çəkdiyi "Qusar balladası" filmindəki poruçik Rjevski rolu qazandırıb (1962).
Daha sonra onun ünlü rejissorla əməkdaşlığı davam edib.
İndi də hər yeni il ərəfəsində keçmiş sovet məkanında sevilə-sevilə baxılan "Taleyin ironiyası, yaxud həmişə təmizlikdə" filmindəki İppolit obrazını Yakovlev canlandırıb.
Qızı onun ölümünün qocalıqla bağlı olduğunu deyib.
Rusiya prezidenti Putin aktyorun yaxınlarına başsağlığı verib.
Yaxın dostu Ryazanova isə onun ölümü haqda heç nə deməyəcəklər.
Ryazanovun həyat yoldaşı Emma mətbuata bildirib :"Bütün telefonları söndürəcək ki, qara xəbər ərinə çatmasın. Onlar çox yaxın dost idilər, bu onun sağlamlığına zərbə olar".
Ryazanov da xəstədir, onurğa sütununda və ürək-damar sistemində problemlərə görə son illərdə bir neçə dəfə xəstəxanaya düşüb. O, ölən dostundan bir yaş böyükdür.
Yuri Yakovlev dekabrın 3-də dəfn ediləcək. Onun dəfn olunacaq yer dəqiqləşdirilir.