Parisdə YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, AR YUNESKO yanında Daimi Nümayəndəliyin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib.
Lent.az-ın məlumatına görə, 2011-cü ildə YUNESKO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi ilə əlaqədar təşkil edilən bu tədbirdə Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətilik təriqəti, dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilib.
Tədbirdə İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlər, AR YUNESKO üzrə Milli Komissiyanın müşaviri Günay Əfəndiyeva, YUNESKO-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Fransanın elmi və ictimai dairələrin nümayəndələri, o cümlədən yerli və xarici mətbuat təmsilçiləri iştirak ediblər.
Simpozium Azərbaycanda multikulturalizm və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindən bəhs edən “Tolerantlığın məkanı” adlı sənədli filmin nümayişi ilə başlayıb.
Tədbirin açılışında DQİDK-nin sədri Elşad İskəndərov, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Abdulaziz Al-Nasser, YUNESKO-nun Mədəniyyətlərarası Dialoq Platformasının əlaqələndiricisi Katerina Stenou çıxış edərək, Seyid Yəhya Bakuvi irsi, onun dini tolerantlığın formalaşmasında xüsusi töhfəsi, ümumiyyətlə, ölkəmizdə əsrlər boyu təşəkkül tapmış və saxlanıb qorunmuş tolerantlıq ənənələri, sülh şəraitdə birgə yaşama, dialoq və qarşılıqlı anlaşma kimi dəyərlərin bu gün də Azərbaycan dövləti tərəfindən təşviq edildiyi qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumuna istinad edilərək Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğu vurğulanıb. Daha sonra simpozium “Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və xəlvətilik”, “Azərbaycanda sufilik və Bakuvi irsi” adlı panellərdə işinə davam edib.
Günün sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərginin açılış mərasimi keçirilib. Ölkəmizin zəngin tolerantlıq ənənələrini əks etdirən belə bir sərginin YUNESKO Baş Qərargahında keçirilməsinin tarixi bir hadisə olduğunu bildirən, Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov bu tədbirin təşkilində Heydər Əliyev Fondu və onun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın, eləcə də DQİDK-nin dəstəyinə görə təşəkkürünü bildirib.
DQİDK-in Sədri Elşad İskəndərov Prezident İlham Əliyevin multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyəti olduğu barədə fikirləri xatırladaraq, bu gün burada ölkəmizdəki mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin keçirilməsi Azərbaycan dövlətinin bu istiqamətdəki ardıcıl və davamlı siyasətinin daha bir bariz nümunəsi olduğunu qeyd edib. BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nasser sərgidən də göründüyü kimi Azərbaycanda müxtəlif etnik qrupların dostluq və mehriban şəraitdə yaşamaları dünyanın digər ölkələri üçün bir örnək olduğunu bildirib.
YUNESKO-nun nümayəndəsi Genc Seiti Azərbaycanın YUNESKO çərçivəsində mədəniyyətlərarası dialoqun təşviq edilməsi və mədəni irsin qorunması sahəsində xüsusi rolunu vurğulamışdır. AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın YUNESKO-ya göstərdiyi dəstək qeyd edilib.
Reza Deqati dünya gəncləri arasında “Photolerance” adlı beynəlxalq foto müsabiqəsinə start verildiyini elan etmiş və bildirilib ki, müsabiqə gənclər arasında fərqliliklərin aradan qaldırılması üçün dialoqun zəruriliyini dərk edilməsinə yönəlib. Foto sərgi salonda toplaşan 500-dən çox qonağın böyük marağına səbəb olub. YUNESKO-dakı Daimi Nümayəndəliyi, YUNESKO Katibliyin əməkdaşları və Fransa ictimai təşkilatların nümayəndələri fotosərgini müşahidə etdikdən sonra Azərbaycanın tolerantlıq baxımından unikal bir ölkə olduğunu etiraf edərək, bu amilin daha geniş təbliğ olunmasını tövsiyə ediblər.