Sabah saat 19:00-da Azərbaycan Dövlət Akademik Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi keçiriləcək. Teatrın mətbuat xidməti Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubileydə bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcək, Vaqif Səmədoğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.
Qeyd edək ki, Vəkilov Vaqif Səməd oğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999) fəxri adlarına, "Şərəf" ordeninə layiq görülüb. 2000-ci ildə Milli Məclisə deputat seçilib. 1968-ci ildə "Yoldan teleqramlar" adlı ilk kitabı nəşr edilib. Sonralar "Günün baxtı", "Mən burdayam, ilahi", "Uzaq, yaşıl ada" kitabları işıq üzü görüb. "Uca dağ başında", "Lotereya", "Bəxt üzüyü", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" adlı pyesləri səhnələşdirilib.