Azərbaycanının Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə bəstəkar Qara Qarayevin anadan olmasının 95 illiyi Budapeştdə qeyd olunub.
Lent.az-ın məlumatına görə, bu münasibətlə "Duna Palota" sarayında "Dunay" simfonik orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət "Memory" adlı konsert proqramı təşkil edilib. Konsertin əvvəlində çıxış edən macar musiqişünası Tamaş Varhegi Azərbaycan və dünya musiqi sənətində Qara Qarayevin yerindən və rolundan, onu zamanı qabaqlayan simfonik musiqinin xüsusiyyətlərindən, XX əsr musiqi sənətinə gətirdiyi yeniliklərdən danışıb. Macar dirijoru Andraş Deakın rəhbərliyi altında "Dunay" simfonik orkestri bəstəkarın "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən parçalar ifa edib. İki hissədən ibarət konsertdə həmçinin macar bəstəkarı İştvan Boqaşın və dahi alman bəstəkarı Lüdviq Van Bethovenin əsərləri səslənib. Böyük uğurla keçən konsertdə Budapeşt musiqi ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də olublar.