“Dağlıq Qarabağ ərazisində olan tarixi abidələrin taleyi bu gün də əsas müzakirə mövzusudur. Həmin ərazidə olan tarixi abidələrə bizim nəzarətimiz mövcud deyil”.
Lent.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə İCOMOS Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət həmin tarixi abidələrin taleyindən xəbərdardır: “Azərbaycan qeyri-maddi mənəvi irsin qorunmasında YUNESKO, Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bir neçə dəfə Azərbaycana işğal olunmuş torpaqlarda tarixi abidələrin vəziyyəti ilə məşğul olan beynəlxalq qurumu dəvət etmişdik. Lakin işğalçı dövlət olan Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu planlar həyata keçmədi. Həm Birləşmiş Millətlər Təşkilatı, həm də YUNESKO səviyyəsində işğal olunmuş torpaqlarda tarixi abidələrin vəziyyəti problemi daim qaldırılır. Bu, aktual məsələdir və daim bizim gündəliyimizdədir. Mətbuatda yayılan məlumatlardan görürük ki, işğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti nəinki Azərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir”.