Azərbaycan Dövlət Filarmoniyasında Moldova Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, açılış mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, tədbir Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisədir: “Moldova-Azərbaycan mədəniyyət günləri ənənəvi olaraq keçirilir. Moldovadan mədəniyyət naziri başda olmaqla nüfuzlu nümayəndə heyəti Bakıya təşrif buyurub. Bir neçə gün həm Bakıda, həm də Sumqayıtda tədbirlər davam edəcək. Ümid edirəm ki, bu, Moldova ilə Azərbaycan arasında mövcud olan mədəni münasibətlərin inkişafına təkan verəcək”.
Moldovanın Mədəniyyət naziri xanım Monika Babuk Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib: “Sizin gözəl şəhərdə olmaqdan çox şadıq. Moldova mədəniyyəti ən gözəl günlərini yaşayır. Bugünkü tədbirdə istedadlı və peşəkar müğənnilərimiz, rəqqasələrimiz, möhtəşəm instrumental ansamblımız çıxış edəcək. Sabah beş qitədə məşhur olan caz qrupumuz konsert verəcək. Ümid edirəm ki, bizim ölkələrimiz arasında mədəni əlaqələr hər zaman inkişaf edəcək”.
Qeyd edək ki, iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması məqsədilə Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın qərarına əsasən, 2012-ci ilin noyabrın 11-dən 15-dək Moldovada Azərbaycan Mədəniyyət Günləri keçirilib.