Akademik Milli Dram Teatrı Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun Lent.az-a verilən məlumata görə, mayın 25-dən iyunun 5-dək keçiriləcək festivalda teatr Vladimir Zuyevin “Sülh göyərçini” pyesi əsasında hazırlanmış “Mən... Biz...” adlı monotamaşa ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Pyesin tərcüməçisi və ifaçı əməkdar artist Ayşad Məmmədovdur.
48 dəqiqəlik tamaşa komplekslərlə böyümüş insanların faciəli həyatından bəhs edir. 50 yaşlı adam anası öldükdən sonra xatirələrlə yaşayır, övladları ilə əlaqə yaratmaq, səhvlərini düzəltmək istəyir. Nəticədə həyatındakı boşluqlardan bezib, intihar edir.
Tamaşa mayın 28-də Respublika Günündə Makedoniya Milli Teatrının səhnəsində nümayiş olunacaq.