Bu gün xalq şairi Məmməd Arazın 80 yaşı tamam olur. Lent. az-ın məlumatına görə, şairin 80 illik yubileyi münasibətilə mədəniyyət xadimləri, ziyalılar, dövlət rəsmləri Fəxri Xiyabanda Məmməd Arazın məzarını ziyarət ediblər.
Mərasimdə çıxış edən millət vəkili, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Məmməd Araz poeziyası haqqında fikirlərini bildirib, xatirələrini danışıblar.
Şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru, İradə Tuncay, millət vəkilləri Nizami Cəfərov, Musa Urud, ədəbiyyatşünas Arif Əmrahoğlu, professor Cahangir Məmmədli, şair Adil Cəmil və başqaları Məmməd Arazın yaradıcılığı, həyatı, Azərbaycan poeziyasındakı yeri haqqında söz açıblar. Mərasimdə xalq şairi Məmməd Arazın öz səsindən şeirləri dinlənilib.