Macarıstanda “Əcdadlar günü”
12 avqust 2013 20:40 (UTC +04:00)

Macarıstanda “Əcdadlar günü”

Macarıstanın Buqaç bölgəsindəki milli parkda ənənəvi “Əcdadlar günü” keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, hər il keçirilən bu xalq bayramının və iki ildən bir keçirilən Türk-Hun qurultaylarının əsas məqsədi macarların türk əsilli olduqlarını və onları digər türk xalqları ilə bağlayan çoxəsrlik tarixi, mədəni, mənəvi münasibətləri müasir macar cəmiyyətinə nümayiş etdirməkdir.

 

Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə iki gün davam edən böyük xalq bayramında ümumilikdə əlli min nəfərə yaxın insan iştirak edib. Ölkə Parlamentinin birinci vitse-spikeri Şandor Layoş  iştirakçılar qarşısında xalqın öz soy-kökünü öyrənməsinin və çoxəsrlik ənənələrini yaşatmasının vacibliyi barəsində nitqlə çıxış edib.

 

“Əcdadlar günü” çərçivəsində cıdır yarışları, çövkan oyunu, əski hunların və macarların Avropaya yürüşünü göz önündə canlandıran döyüş səhnələri göstərilmiş, şaman musiqisi səsləndirilib. Macarıstan ərazisində qədim türk izlərini əks etdirən ekspozisiyaya baxış keçirilib. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev tədbirdə iştirak edib. Səfirliyin təşəbbüsü və yardımı ilə bu ilki “Əcdadlar günü” çərçivəsində ayrıca Azərbaycan çadırı qurulub, orada ölkəmizin qədim tarixini və ümumtürk mədəniyyətinə töhfələrini əks etdirən eksponatlar nümayiş olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar