Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Cahangir Zeynalov, Fərhad Bədəlbəyli və başqaları iştirak ediblər.
Ədalət Vəliyev bildirib ki, L. Abdullayevin 100 illik yubiley mərasiminin keçirilməsi ölkə başçısının müvafiq Sərəncamına əsasən keçirilən silsilə tədbirlərin tərkib hissəsidir: "Mədəniyyət və turizm nazirinin göstərişi ilə bu ilin sentyabrında Şəkidə Lütfəli Abdullayevə həsr olunan gülüş günü keçiriləcək. Lütfəli Abdullayev qısa ömrünün bütün mərhələlərində həm kino, həm də teatr aktyoru kimi Azərbaycan mədəniyyətinə öz töhfəsini verdi. O, ömrü boyu öz sənətinə bağlı oldu, teatrı sevən sənətkar kimi xalq tərəfindən sevildi".
Xalq artisti Fərhad Bədəlbəyli L. Abdullayevlə bağlı xatirələrini danışıb, aktyorun teatr və kino sahəsindəki xidmətlərindən danışıb: "Mən ona Lütfəli əmi deyirdim. Bizim ailənin yaxın dostu, əzizi idi. İnsanlar Lütfəli əmini ona görə sevirlər ki, o da insanları sevirdi".
Xalq artistləri Cahangir Zeynalov, Arif Quliyev, Aleksandr Şarovski və başqaları aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən bəhs ediblər.
Yubiley tədbirində Rus Dram Teatrının, Dövlət Kukla Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivləri L. Abdullayevin səhnə fəaliyyəti ilə bağlı müxtəlif səhnələrlə çıxış ediblər. Tədbirdə L. Abdullayevin səhnə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.