APA-nın cənub bürosunun məlumatına görə, bina 1913-cü ildə Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa edilib. Binanın tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Onun fasadları əlvan naxışlarla zəngindir. Əksər inşaat materialları Lənkərana Fransadan və Bakıdan gəmi ilə gətirilib.
İndiyədək əsaslı şəkildə təmir olunmayan binada son aylara qədər Mirzə Ağəli Əliyev adına Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərib. Hazırda həmin muzey müvəqqəti olaraq şəhər kitabxanasına köçürülüb.
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İlqar Əzimovun sözlərinə görə, Xan evinin əsaslı təmir-bərpa işləri Respublika Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun planı əsasında həyata keçirilir.
Qeyd edək ki, bərpa işləri aparılarkən binanın ilkin quruluşu saxlanmaqla yanaşı, müasir su-kanalizasiya, istilik, işıqlandırma və havalandırma sistemləri də qurulacaq. Onun ətrafındakı ərazidə isə ziyarətçilər üçün park salınacaq.
Əsaslı təmir işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.