Oktyabrın 9-dan 13-ə qədər Almaniyanın Frankfurt şəhərində kitab sərgi-yarmarkasında Azərbaycan kitabları da nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, kitablarımız Frankfurter Messe sərgi şəhərciyində Qız qalası fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alacaq. Ümumilikdə stenddə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim ediləcək.
Qeyd edək ki, 1949-cu ildən olaraq keçirilən Frankfurt kitab yarmarkasında Azərbaycan altıncı dəfədir ki, iştirak edir. Frankfurt yarmarkası Avropanın ən əhəmiyyətli kitab satış sərgisi hesab edilir. Bu il yarmarkada 100-dən çox ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənəcək. Ənənəyə görə, hər sərgidə ölkələrdən biri fəxri qonaq qismində iştirak edir. Builki sərginin fəxri qonağı Braziliyadır.