İsrailin Neşer şəhərində "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərgi keçirilir. Sərgi Heydər Əliyev Fondu və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komissiyasından məlumat verilib.
Təşkilatın nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, Azərbaycandan gedənlər üçün buradakı tolerantlıq haqqında danışmağa ehtiyac yoxdur. “Biz bu həqiqətləri əsasən bilməyənlərin diqqətinə çatdırmaq niyyətindəyik. Son illərin müşahidəsi göstərir ki, bir çoxları məhz bizim təşkil etdiyimiz elmi, mədəni tədbirlərdən sonra Azərbaycanı kəşf edir. Neşerdəki sərgi də maraqla qarşılanıb”.
Fotosərginin açılışında İsrailin miqrasiya naziri, Azərbaycandan getmiş Emin Çaykovskiy, Neşerdən olan millət vəkili Qeorqiy Qerşkoviç və digərləri çıxış ediblər. Daha sonra iştirakçılara “Azərbaycan – israilli jurnalistlərin gözü ilə” sənədli filmi nümayiş etdirilib və tədbir, qafqazlı musiqiçilərin ifasında konsert proqramı ilə yekunlaşıb.