Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqasla görüşüb. Teatrdan Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Yunanıstan teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
İ. İsrafilov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlıq layihələrinin əhəmiyyətindən danışıb, Yunanıstanın teatrları ilə daha sıx yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib.
Səfir Azərbaycan-Yunanıstan teatr əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə konkret təkliflər irəli sürüb, iki ölkə arasında qarşılıqlı qastrol səfərlərinin, rejissor mübadiləsinin, Azərbaycan dramaturqlarının əsərlərinin Yunanıstan teatrlarında səhnəyə qoyulmasının, həmçinin milli səhnəmizdə klassik və müasir yunan dramaturgiyası nümunələrinin təcəssümünün, müştərək layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin yunanıstanlı məşhur teatr rejissoru Teodoros Terzopulosun bu teatrda tamaşa hazırlaması məsələsinin detalları müzakirə olunub, növbəti mövsümdə yunanlı rejissorun sözü gedən teatrın səhnəsində tamaşa hazırlaması planlaşdırılıb.