Muğam ifaçısı Bəyimxanım Vəliyeva həmkarı Ehtiram Hüseynovla birgə musiqisi Tahir Əkbərə, sözləri Sona Vəliyevaya məxsus “Arazbarı” adlı bəstəni ifa edib. Lent.az-ın məlumata görə, ifaçıları əməkdar artistlər Malik Mansurov və Elşən Mansurov müşayiət edib. Ümumilikdə adıçəkilən əsərdə 10 nəfərdən ibarət xor iştirak edib.
Sözügedən bəstəyə klip də çəkilib. Lent.az-a açıqlama verən B.Vəliyeva bildirib ki, klipi rejissor Bəxtiyar Qaraca ekranlaşdırıb: “Klipin bağlı məkanda nəzərdə tutulan çəkilişləri artıq başa çatıb. İndi qalıb rayon çəkilişləri. Yaxın günlərdə çəkilişləri davam etdirmək üçün Sabirabada yollanacağıq. Orada suyun qovuşan yerində, Kürün qırağında çəkəcəyik. Bu əsərdə əməyi keçən hər kəsi elə klipdə də görəcəksiniz. Bu, böyük musiqi əsəridir. Təxminən 10 dəqiqəni əhatə edir”.
Qeyd edək ki, ifaçı klipə mart ayında təqdimat keçirəcək.