Sentyabrın 23-dən 25-nə qədər III Bakı beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, buna sentyabrın 10-da nazirliyin beynəlxalq tədbirə hazırlıqla bağlı iclasında qərar verilib. İclasda həmçinin sərgi-yarmarka günlərində Bakıda gerçəkləşəcək Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasına hazırlıq məsələləri də müzakirə olunub. İclası giriş sözü ilə açan nazir Əbülfəs Qarayev son illər ölkənin mədəni həyatında baş verən yeniliklərdən danışıb.
Beynəlxalq tədbirdə Azərbaycandan 100-dən çox nəşriyyat və təşkilatın, həmçinin 20-dən artıq ölkədən poliqrafiya birliyi, nəşr evi və kitabxanaların iştirakı nəzərdə tutulub. Tədbirin pavilyon və stendləri Gənc Tamaşaçılar Teatrı ilə Opera və Balet Teatrının arasındakı məkanda qurulacaq. Kitab satışı və nümayişi üçün sahələr və bütün stend avadanlıqları iştirakçılara ödənişsiz veriləcək. Sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evlərinə, kitab nəşri və yayımı ilə əlaqədar təşkilatlara, poliqrafiya müəssisələrinə, müəllif hüquqları qurumlarına müvafiq şərait yaradılacaq.
Qeyd edək ki, sərgi-yarmarkanı Mədəniyyət və Turizm Nazirliyi təşkil edir.