APA-nın verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə iki layihənin təqdimatının keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, artıq uzun illərdir dostluq münasibətimizin olduğu, Azərbaycan incəsənətinin xaricdə təbliği sahəsində ölkəmizin səfirinə çevrilmiş, tanınmış heykəltəraş Lorens Cenkellin təqdim edilən fərdi sərgisində qeyri-adiliyi ilə fərqlənən və müxtəlif dövlətlərin bayraqlarını özündə təcəssüm etdirən heykəllər nümayiş olunur.
Mərkəzin direktoru Anar Ələkbərov bir neçə ay davam edəcək bu sərginin paytaxtın sakinləri və qonaqları üçün çox maraqlı olacağını deyib.
Qeyd olunub ki, Mərkəzdə, həmçinin Heydər Əliyev Fondunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “Qız Qalası” V Beynəlxalq incəsənət festivalının təqdimat mərasimi keçirilir. Artıq ənənəyə çevrilmiş festivalda bu il 26 ölkədən 28 rəssam təmsil olunur. Festival çərçivəsində xüsusi təqdimatlar olacaq və mayın 9-da bağlanış mərasimi keçiriləcək.
Sərgidə nümayiş olunan əsərləri haqqında məlumat verən Lorens Cenkell diqqətə çatdırıb ki, konfet heykəllər yeganə sənət nümunəsidir ki, bütün duyğu orqanlarını – görmə, kağız xışıltısını təsəvvür etməklə eşitmə, dad, qoxu - hərəkətə gətirir. Müəllifin fikrincə, şirniyyat özlüyündə ümumbəşəriliyi, fərdi keçmişi və ortaq yaddaşı birləşdirir. Onun bu yanaşması yaradıcılığında müxtəlif ölkələrin bayraqlarının konfet heykəllərinin yaranmasına səbəb olub.
Lorens Cenkell fərdi sərgisinin möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilməsindən qürur duyduğunu vurğulayıb.
Qonaq xatırladıb ki, hələ Kannda Azərbaycan incəsənət xadimlərinin əsərləri təqdim edilərkən bu ecazkar ölkənin incəsənətinin çox zəngin və qədim olduğunu anlamışdı.
Müəllifin Bakıda açılmış ilk fərdi sərgisində, ümumilikdə, 27 əsər təqdim edilib.
Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunub.
Müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda “Böyük iyirmilik” ölkələrinin (G20) sammitində təşkil olunub. Həmin vaxt Lorens Cenkell zirvə toplantısı üçün “Böyük iyirmiliyə” üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlayıb.
Əsasən, pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri var.
Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri, bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Lorens Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib.
Sərgi oktyabrın 31-dək davam edəcəkdir.