Bu gün mətbuatda xalq artisti Ramiz Əzizbəylinin səhhətinin pisləşməsi xəbəri yayılıb. Bununla bağlı Lent.az-a açıqlama verən xalq artistinin həyat yoldaşı Zümrüd Əzizbəyli bildirib ki, aktyorun vəziyyəti ağır deyil: “Ramiz bəyin vəziyyəti mətbuatda yazıldığı qədər ağır deyil. Hər zaman necə normal idisə, indi də elədir. Yəni vəziyyəti ağır deyil. Danışa da bilir. Sadəcə yaddaşında problem var. Nəyə əsaslanaraq onun vəziyyətinin ağır olduğunu dediklərini isə bilmirəm. Bu, şayiədir”.
Xatırladaq ki, R.Əzizbəylinin vəziyyətinin ağırlaşması xəbərini modern.az saytı yazıb. Xəbərdə qeyd edilib ki, bu barədə xalqı artistinin keçmiş tələbəsi Kərim Kərimli məlumat verib.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb.