Bu gün azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Mülki Məşğulluq Mərkəzində azərbaycanlı rejissor İmam Həsənovun “Müqəddəs inək” sənədli filmi nümayiş olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, film İsmayıllı rayonunun Lahıc qəsəbəsində 2012-2015 illərdə çəkilib. Filmin süjetinə görə, maldarlığı inkişaf etdirmək məqsədi ilə kəndə Avropadan inəklər gətirmək planı yerli sakinlərinin narahatlığına səbəb olur. Kənddə yeniliklə köhnəlik arasında qarşıdurma yaranır. Kənd ağsaqqalları hesab edirlər ki, əcnəbi inəyin südündə kimyəvi maddələr çoxdur və buna görə də təhlükəlidir. Filmdə kənd icmasının adət-ənənələrinə sadiq qaldığı və yeniliyə hazır olmadıqları göstərilir. Sonda kənd sakinləri yeniliklə razılaşırlar.
Filmin rejissoru İmam Həsənov APA-ya açıqlamasında “Müqəddəs inək” filminin Azərbaycan, Almaniya, Rumıniya və Qatar ölkələrinin dəstəyi ilə çəkildiyini bildirib: “Film Meksikada, Los Ancelesdə, Tiflisdə oktyabr ayında keçirilən “Sinedok” filmlər festivalında və Koreyada nümayiş olunub. Film alman, ingilis, portuqal və gürcü dillərində səsləndirilib və Los Ancelesdə üç mükafata layiq görülüb. “Yarat” yaradıcılıq mərkəzində, Gəncə, Şəki, Mingəçevir, Telavinin gürcü və azərbaycanlılar yaşayan Qaracalar kəndində də nümayiş etdirmişik. Biz filmi nümayiş etdirməkdə yaratdığımız filmin hamı tərəfindən necə qarşılanmağını öyrənməyə çalışırıq,” deyə rejissor bildirib.
Rejissor gələcəkdə Almaniyanın dəstəyi ilə Azərbaycan əfsanəsindən bəhs edən “Səbət” adlı bədii film çəkəcəyini qeyd edib.