Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin astanasında tamaşa premyerası olacaq.
Teatrdan Lent.az-a verilən məlumata görə, yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, qurulüşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.
Tanınmış xalq artisti Həmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı baş rolları ifa edir. Başqa rolları teatrın gənc aktyorları Şəbnəm Hüseynova, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova oynayır.
Tamaşa dinə yuxarıdan aşağı baxan və yalnız öz gücünə, karyerasına güvənən həkim ər, dindar müəllimə qadın, onların pis mənada müasirlikdə və azadlıqda ifrata varan, milli əxlaqımıza, mentalitetimizə ikrahla yanaşan qızı, uşaq evində böyümüş, mərhəmətə, insan məhəbbətinə möhtac yeniyetmə qızdan, bir dam altında yaşayan bu dörd personajın iştirakı ilə baş verən və sürətlə inkişaf edən hadisələrdən bəhs edir.