Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiyadan qastrol səfərindən dönüb. Teatrdan Lent.az-a verilən məlumata görə, aprel 6-dan 14-dək davam edən qastrol Rusiyanın Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B. Basanqov adına Milli Dram teatrlarında həyata keçirilib.
Qastrol çərçivəsində kollektiv 3 tamaşa ilə çıxış edib. Aprelin 8-i və 9-da kollektiv Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsın eyniadlı əsəri əsasında hazırlanmış “Qırmızıpapaq” tamaşasını nümayiş etdirilib.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov və baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasının rəhbəri Aleksey Maratoviç Orlovun sərəncamına əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə “Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüblər.
Kalmıkiyanın mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlara görə teatrın aktyorları, əməkdar artistlər Almaz Mustafayeva, Qurban İsmayılov, aktyor İlham Əsədov və baş redaktor Səriyyə İsmayılovaya Fəxri fərmanlar təqdim edib.
M. Həmidov və B. Osmanov da çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirib, Rusiya və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayaraq, öz hədiyyələrini teatrın rəhbərliyinə təqdim ediblər.
Qeyd edək ki, mayda Kalmık teatrı 3 günlük qastrol səfəri ilə Gənc Tamaşaçılar Teatrında çıxış edəcək.