Gənc Tamaşaçılar Teatrının kollektivi Dənizli 30-cu Beynəlxalq Teatr Festivalından geri qayıdıb.
Teatrdan APA-ya verilən məlumata görə, festivalın açılış mərasimində Dənizli şəhər bələdiyyəsinin sədri Osman Zolan çıxış edərək, festivalın 30 il ərzində 10 min teatr aktyoru, 600 səhnə əsəri və 300 min tamaşaçıya ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Teatr mayın 9-da Çatalçeşmə Oda Teatrında dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşa festivalın mükafatına layiq görülüb.
Hər il Türkiyə, Rusiya Federasiyası və dünyanın bir sıra ölkələrinin teatrlarının qatıldığı festivalda bu il Türkiyənin ayrı-ayrı bölgələrinin kollektivləri və ölkəmizlə yanaşı, İran, Tunis, Hollandiya teatrları öz tamaşaları ilə çıxış ediblər. Festivalda 18 teatr kollektivi ümumilikdə 29 tamaşa ilə çıxış edib.