Əyyub Quliyev Moskvada baş dirijor təyin edildi
20 avqust 2013 13:15 (UTC +04:00)

Əyyub Quliyev Moskvada baş dirijor təyin edildi

Azərbaycanlı dirijor Əyyub Quliyev Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.


 

Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, bu ilin iyununda filarmoniya və orkestr rəhbərliyi ilə müqavilə imzalanıb: “Orkestrdən gələn dəvəti xeyli vaxtdır müzakirə edirdik. Nəhayət, bu ilin iyununda müqavilə imzalandı.  Orkestrin və filarmoniyanın rəhbərliyinin qərarı ilə mən baş dirijor vəzifəsinə təyin olundum. Bu məni çox sevindirir. Çünki orkestr qədim, nüfuzlu orkestrdir. 1895-ci ildə yaradılıb və dünyanın bir çox ölkələrində - İtaliya, İspaniyada, Fransada qastrol səfərlərində çıxış edir. Vaxtilə bu orkestrin rəhbərliyi böyük musiqiçilərə həvalə olunub və mən çox sevinirəm ki, bu dəfə estafeti azərbaycanlı dirijora həvalə ediblər. Bu, çox böyük şərəfdir”.

 

Əyyub Quliyev bildirib ki, müqavilənin şərtlərinə görə, orkestr iki il müddətində silsilə konsert proqramı ilə çıxış etməlidir: “Sırf Azərbaycan musiqisinə həsr olunan gecə də olacaq. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Hacı Xanməmmədovun əsərləri səslənəcək. Bu il Cüzeppe Verdinin 200 illik yubileyi münasibəti ilə musiqi bayramında çıxış edəcəyik. Bu müqavilə ilkin olaraq iki il müddətinə bağlanıb. Mənə elə gəlir, biz müqavilənin müddətini bir qədər də uzatmağa nail olacağıq”.

 

Qeyd edək ki, Əyyub Quliyev 1984-cü ildə Bakıda anadan olub.  2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib. 2005-2008-ci illərdə Sankt-Peterburq Dövlət Konservatoriyası və Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsil alıb.

 

Əyyub Quliyev 2013-cü ildə Rusiyada keçirilən Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır.  Əyyub Quliyev xalq artisti, tarzən Ramiz Quliyevin oğludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar