"Salnamə" studiyası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə əməkdar mühəndis, SSRİ Dövlət mükafatı laureatı Əliş Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş "Yüz il və əbədiyyət" adlı sənədli filimin çəkilişinə başlayır. Nazirlikdən Lent.az-a verilən məlumata görə, filmin ssenari müəllifi əməkdar jurnalist Nadejda İsmayılova, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Cəmil Fərəcov, prodüseri Nazim Hüseynov, icraçı prodüseri Kamil Məmmədovdur.
30 dəqiqəlik sənədli filmdə Ə. Ləmbəranskinin həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə inşa edilən və Bakı şəhərinin simasını dəyişən binalardan bəhs olunacaq. Filmin çəkilişləri Bakı, Bərdə və Moskva şəhərlərində aparılacaq. Filmdə həmçinin Azərbaycan Dövlət Filim Fondunun, Rusiya arxivlərinin foto və video materiallarından istifadə olunacaq.
Qeyd edək ki, Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü il mayın 10-da Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. Müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Neft sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini işləyib. Heydər Əliyev Sarayı, Gülüstan sarayı, Funikulyor, Bakı Dövlət Sirki və Bakıya gözəllik bəxş edən digər binalar, sənaye və mədəniyyət müəssisələri onun rəhbərliyi ilə tikilib.
1999-cu ildə dünyasını dəyişən Əliş Ləmbəranski Fəxri xiyabanda dəfn olunub.